Ədliyyə Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma təlimləri keçirilir










Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə ixtisasartırma təlimlərinə start verilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təlim proqramının açılış mərasimində Akademiyanın rektoru Rövşən İsmayılov çıxış edərək bildirib ki, dövlət idarəçiliyində səmərəliliyin artırılması insan resurslarının peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır və bu kimi təlimlər dövlət qulluqçularının həm nəzəri, həm də praktiki biliklərinin inkişafında mühüm rol oynayır.
Daha sonra Tədris şöbəsinin rəisi Zeynab Qənbərova təlimlərin hüquqi əsasları və təşkilati məsələləri barədə ətraflı məlumat verib.
Təlim proqramı çərçivəsində iştirakçılar "Normayaratma fəaliyyəti", "İnzibati icraat qanunvericiliyi", "Əmək qanunvericiliyinin praktiki məsələləri" mövzularında mühazirələr dinləyəcəklər.
Bundan əlavə, proqram çərçivəsində iştirakçıların praktiki bacarıqlarının artırılması məqsədilə interaktiv müzakirələr, real hüquqi situasiyaların təhlili və təcrübə mübadiləsi sessiyaları təşkil olunacaq.
Təlimlərin sonunda iştirakçıların təklif olunduğu qurumlara proqramın nəticələrinə dair Ədliyyə Akademiyası tərəfindən yekun hesabatlar təqdim ediləcək.
Qeyd edək ki, təlimlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq təşkil edilir. Bu qanundan irəli gələrək Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və İnsan hüquqları üzrə müvəkkil aparatlarında, habelə 2-ci və 5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasartırma təlimlərinə cəlb edilirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: