azturkxeber.az
http://azturkxeber.az

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

18-04-2026

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.

Bu barədə Azturkxeber.az-a ADY mətbuat xidmətindən məlumat verilib.

Məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.

Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 kilometrlik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.

Bilet satışı aprelin 17-dən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonlarının sakinləri üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930