azturkxeber.az
http://azturkxeber.az

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları - ixracyönümlü istehsal təşviq olunur

05-11-2025

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə Saatlı rayonunda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib. Tədbir cari il ərzində regionlarda təşkil olunan 15-ci məhsul festivalıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, festivalın məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində - toxumçuluqdan yığım və emala qədər əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixracyönümlü istehsalın təşviqi və regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış “Qobustan”, “Əsgəran”, “Mətin”, “Maurizio”, “Qadio” buğda sortları, eləcə də “Qarabağ 22”, “Dəyanətli”, “İosif”, “Günəş” və “Finola” arpa sortları təqdim olunub. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.

Festivalın rəsmi açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirib ki, pambıqçılıq rayonda əsas prioritet sahələrdən biridir və bu sahənin inkişafı həm regionun sosial rifahına, həm də ölkənin qeyri-neft sektorunun artımına mühüm töhfə verir. O qeyd edib ki, dövlət tərəfindən tətbiq olunan subsidiyalar, layihələr və yeni texnologiyaların istifadəsi nəticəsində Saatlı rayonunda pambıq istehsalı son illərdə əhəmiyyətli dərəcədə artıb. Elmir Bağırov, həmçinin belə festivalların regionun kənd təsərrüfatı potensialının tanıdılması və yerli brendlərin formalaşdırılması baxımından vacib olduğunu vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov regionlarda keçirilən Aqrar Biznes festivallarının fermerlər və sahibkarlar arasında əməkdaşlığın genişlənməsi üçün faydalı olduğunu qeyd edib, Agentliyin KOB-ların məhsullarının satışına dəstək alətləri barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda, innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.

“Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov şirkətin pambıqçılıq sahəsində gördüyü işlərdən danışaraq bildirib ki, məqsəd pambığın keyfiyyətli şəkildə emal olunması, dünya standartlarına uyğun məhsulların istehsalı və ixracın artırılmasıdır. Qeyd edib ki, bu istiqamətdə yerli fermerlərlə əməkdaşlıq genişlənir, yeni texnologiyalar tətbiq olunur və pambıqçılıqda müasir idarəetmə sistemləri formalaşdırılır.

Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov aqrar sektorda çalışan insanların əməyinin qiymətləndirilməsinin diqqət mərkəzində olduğunu deyib. Diqqətə çatdırıb ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də əmək insanının sosial rifahının gücləndirilməsi ilə mümkündür.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib. İnstitutun stendində pambıqçılıq sahəsində aparılan elmi-tədqiqat işləri, seleksiya istiqamətində əldə olunan nəticələr, yerli və perspektiv pambıq sortları, həmçinin onların becərilmə texnologiyaları barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub. Bundan əlavə, pambıq bitkisində xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, bioloji və aqrotexniki tədbirlərin tətbiqi sahəsində əldə olunan yeniliklər də nümayiş etdirilib.

Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar sərgilənib.

Həmçinin Saatlı rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Bootcamp” iştirakçıları öz məhsul və prototipləri ilə festivalın startap zonasında təmsil olunublar.

Tədbir zamanı pambıqçılıq sahəsində uzun illər fəaliyyət göstərən və əməyinə görə seçilən mütəxəssislər “Prime Cotton” MMC tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə də keçirilib. Paneldə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib.

Tədbir mədəni proqramla yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930