Ombudsman Aparatı tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri keçirilib




Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Ombudsman Aparatı tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə - Xankəndi, Xocalı və Ağdam şəhər və rayonlarında fəaliyyətə başlayan təhsil müəssisələrində maarifəndirmə tədbirləri keçirilib.
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbi, Xocalı rayonu Ballıca kənd tam orta məktəbi, Xocalı rayonu 1 nömrəli tam orta məktəbi, Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi və Ağdam rayonu Kəngərli tam orta məktəbində uşaqların və pedaqoji heyətin iştirakı ilə keçirilən tədbirlər “Uşaq hüquqları və müdafiə mexanizmləri”, “Təhsil işçilərinin uşaq hüquqlarının müdafiəsində rolu” mövzularına həsr olunub.
Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Nigar Ağayeva, İlahə Əfqanlı və Azər İsalı tədbirlərdə uşaqların hüquq və vəzifələri, zorakılıqdan və zərərli təsirlərdən müdafiəsi, rəqəmsal mühitin yaratdığı təhlükələr, erkən evlilik, uşaq əməyinin istismarı və digər məsələrlə bağlı məlumat verib, bu sahədə müdafiə mexanizmləri, xüsusilə də Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, pedaqoji heyət ilə keçirilən görüşlərdə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsilverənlərin vəzifələri, bu sahədə mövcud problemlər və həll yolları istiqamətində müzakirələr aparılıb.
Təlimlərdən ümumilikdə 450 nəfərdən artıq şagird, 60 nəfərdən artıq pedaqoji heyət faydalanıb. Görüşlər zamanı təsisat tərəfindən hazırlanmış uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici nəşrlər təhsil müəssisələrinə və uşaqlara paylanılıb.
Səfər çərçivəsində, həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi çərçivəsində Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti öyrənilib, müəssisənin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: