azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 31 oktyabr tarixli plenar iclasında Zəfər Günü barədə çıxışı

31-10-2025

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Zəfərinin beşinci ildönümü tamam olur. 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olmuşdur.

Hörmətli deputatlar !

Möhtərəm cənab Prezidentin sözləri beş il öncə baş vermiş hadisənin tarixi mahiyyətini ifadə edir. Cənab Prezident demişdir: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.

... Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Hörmətli həmkarlar!

Vətən müharibəsində qazanılmış Zəfərin hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli ruhumuzun dirçəlişini ifadə edir. Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət hissindədir.

Son illərin hadisələri də göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını bərpa etməyə qadirdir.

Hörmətli deputatlar!

Ölkəmizin işğaldan azad edilmiş bölgələri bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlamışdır.

Üç gün öncə möhtərəm Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfərini biz hamımız qürurla izlədik. Dövlət başçısının iştirakı ilə bu rayonlarda bir neçə müasir yaşayış kompleksinin təməli qoyuldu, ən yüksək standartlara uyğun gələn yeni kəndlərin açılışı oldu. Möhtərəm Prezident kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim etdi.

Hörmətli deputatlar!

Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı və Şərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirmişdir.

Hörmətli həmkarlar!

Ermənistan–Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqları başlanmışdır. Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyü prinsiplər əsasında aparılmışdır.

Avqust ayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində əldə olunmuş razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun mərhələsini təşkil etmişdir. Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılmışdır. İnamla söyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaqdır.

Hörmətli həmkarlar!

İcazə verin, Azərbaycana tarixi Zəfəri bəxş etmiş müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək. (Alqışlar.)

Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. (Alqışlar.)

Çox sağ olun.

Hörmətli deputatlar!

Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz qazilərimizə möhkəm can sağlığı diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031