Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır
Oktyabrın 30-u saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra onlar müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər oktyabrın 15-dək olan məlumatlara istinad edir.
Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.
Müsabiqədən uğurla keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.