Qalib Əbdüləliyev: Zəruri infrastruktur təmin edildikdən sonra heyvan bazarlarının fəaliyyəti bərpa olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur: “Bu səbəbdən qərara alınıb ki, oktyabrın 25-dən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılıb, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilib. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir”.
Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur. Eyni zamanda, AQTA-nın Kollegiyasının qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Göstərilən sənədin tələblərinə uyğun olaraq, bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.