“Çinin Şaansi əyaləti ilə Azərbaycanın iqtisadi və ticarət əməkdaşlığı” mövzusuzda tədbir keçirilib
Tədbirdə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.
Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Şaansi Əyalət Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Çinin Şaansi əyaləti ilə Azərbaycanın iqtisadi və ticarət əməkdaşlığı” mövzusuzda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin Çinlə əməkdaşlığının inkişaf dinamikasından, Çin şirkətlərinin Azərbaycandakı investisiya layihələrindən, həmçinin Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi aparatının və ticarət evlərinin fəaliyyətindən danışıb. O, eyni zamanda, bu ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verərək, Şaansi əyalətindən olan təşkilat və şirkətləri növbəti forumda iştirak etməyə dəvət edib.
Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Şaansi Əyalət Komitəsinin partiya katibi Vanq Xonqvey öz növbəsində Çin-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini vurğulayıb, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitini yüksək qiymətləndirib və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.
Tədbir çərçivəsində hər iki ölkənin iqtisadi imkanlarını əks etdirən, eləcə də həm yerli, həm də Çin şirkətləri tərəfindən təqdimatlar keçirilib. Sonda tərəflər arasında məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.