azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilib

22-10-2025

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.

Komitə sədri Azər Əmiraslanov tədbiri açaraq, elmi-praktik konfransın keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya rəhbərlik etdiyi komitənin üzvləri adından təşəkkürünü ifadə edib.

O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti nəticəsində Azərbaycanın Vətən müharibəsində qələbə qazanaraq, öz dövlət suverenliyini bərpa etdiyini, regionda yeni reallıqlar yaratdığını bildirib. Komitə sədri suverenliyin iqtisadi əsaslarının möhkəmləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən biri olduğunu deyib. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə iqtisadi müstəqilliyin vəhdətindən ibarət olduğunu qeyd edib. Ardıcıl, davamlı, müstəqil dövlət siyasətinin aparılması üçün iqtisadi əsasların vacibliyindən danışıb. Ölkə Prezidentinin dövlət suverenliyi ilə bağlı ifadə etdiyi "Azərbaycan müstəqil siyasət aparan dövlətdir və heç bir dairənin təsiri altına düşmür" fikrinin mühüm əhəmiyyət kəsb etdiyini və buna əsaslan milli iqtisadiyyatın ötən illər ərzində möhkəmləndirildiyini söyləyib.

Komitə sədri iqtisadi müstəqilliyin mahiyyəti barədə danışaraq bildirib ki, bu, ölkənin iqtisadi siyasətinin xarici təsirlərə məruz qalmayaraq həyata keçirilməsi, müstəqil qərarların verilməsi, dövlətin strateji hədəflərinin, iqtisadiyyatın milli maraqlara uyğun formalaşması, iqtisadi təhlükəsizlik, uğurlu iqtisadi diplomatiya və digər bu kimi amillərlə şərtlənir. Dövlət suverenliyi və iqtisadi müstəqilik arasında sıx əlaqə mövcuddur. İqtisadi müstəqillik olmadan real dövlət suverenliyinin, dövlət suverenliyi olmadan isə milli iqtisadiyyatın inkişafı mümkün deyil. Qeyd edilib ki, siyasi suverenlik milli iqtisadi maraqları qorumaq imkanı yaradır.

Azər Əmiraslanov siyasi və iqtisadi müstəqilliyin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söhbət açıb. Ulu Öndərin dövlətçiliyin qorunması, dövlət idarəçiliyinin təşkili, vahid dövlət siyasətinin formalaşdırılması, dövlət quruculuğu ilə iqtisadi quruculuğun əlaqələndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadi islahatların aparılması sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. “Əsrin müqaviləsi”nin imzalanması, Neft Fondunun yaradılması, ölkənin Yeni Konstitusiyasının qəbulu, Konstitusiyada iqtisadi inkişaf modelinin və onun prinsiplərinin müəyyən edilməsi, azad iqtisadiyyatın inkişafına konstitusion təminat verilməsində Heydər Əliyevin müstəsna rolunu qeyd edib.

Komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyin iqtisadi əsaslarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda ölkəmizdə müstəqil iqtisadi və siyasi xəttin saxlanılması prioritet kimi müəyyən edilib, güclü iqtisadiyyat – güclü dövlət prinsipi əsas götürülüb, enerji təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat-infrastruktur layihələrinin icrası ilə bağlı əhəmiyyətli addımlar atılmaqdadır.

O, yeni çağırışlar fonunda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi post-neft dövrü üçün iqtisadiyyatımızın şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, sənayeləşmə, kənd təsərrüfatının gücləndirilməsi və texnoparkların yaradılması, suverenliyin tərkib hissəsi olan ərzaq, enerji, informasiya təhlükəsizliyinin təmin edilməsi kimi strateji hədəflərin vacibliyini vurğulayıb.

Sonra tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə çıxış edib. O, bu gün Azərbaycan dövlətinin dünyada mövqelərinin möhkəmləndirilməsinin, ölkəmizin qlobal təhdidlərə qarşı mübarizəsinin, milli maraqlara uyğun siyasətin həyata keçirilməsinin, hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığını, iqtisadi müstəqilliyimizin formalaşmasında onun əvəzsiz rolunu vurğulayıb. Heydər Əliyevin adı ilə bağlı olan “Əsrin müqaviləsi”nin davamlı inkişaf, ölkə iqtisadiyyatının gücləndirilməsi baxımından mühüm əhəmiyyətindən bəhs edib. İqtisadi təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, iqtisadi müstəqilliyin mahiyyəti dövlətin müstəqil iqtisadi siyasətin həyata keçirilməsində, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsində rolunu nəzərdə tutur. O, iqtisadi müstəqilliyin qarşısında duran məsələlərin dövlət quruculuğu prosesində əhəmiyyətindən danışıb. Palata sədri qeyd edib ki, müstəqilliyin ilk illərində iqtisadi müstəqilliyin əsas qayəsini neft strategiyası, müxtəlif sahələrə aparılan islahatlar, özəlləşdirmə təşkil edirdisə, müasir dövrdə onun məqsədləri qeyri-neft sektorunun inkişafı, ixracın diversifikasiyası, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji”, beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf, maliyyə sabitliyi və şəffaflığın təmin edilməsi kimi amillərdən ibarətdir. O, Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduqdan sonra ölkənin iqtisadi potensialının daha da gücləndiyini söyləyib.

Sonra konfransda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mövzu ilə bağlı fikirlərini açıqlayıb. O, iqtisadi münasibətlərin hüquqi normalarla tənzimlənməsi, ölkədə iqtisadi və hüquqi sahədə islahatların paralel olaraq həyata keçirilməsi nəticəsində uğurların əldə edildiyini bildirib. Komitə sədri Azərbaycanın müstəqilliyinin, o cümlədən iqtisadi baxımdan müstəqilliyimizin ideya müəllifinin Ümummilli Lider Heydər Əliyevin olduğunu vurğulayıb. 1995-ci ildə qəbul edilmiş Ulu Öndərin müəllifi olduğu ölkə Konstitusiyasının müasir dövlətin hüquqi, siyasi və iqtisadi əsaslarını ehtiva etdiyini söyləyib. Konstitusiyaya dəyişiklərlə bağlı keçirilmiş referendumlara toxunan komitə sədri, 2009-cu ildəki referendumla ölkənin Ali qanununda iki vacib məsələnin – Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunun və bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradılmasının təsbit edildiyini bildirib. Ötən illər ərzində ölkəmizdə Konstitusiyaya əsaslanan sosial yönümlü siyasətin müvəffəqiyyətlə təmin olunduğunu və hazırda bu istiqamətdə növbəti təqdirəlayiq addımların atıldığını deyib.

Daha sonra konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qısa müddət ərzində atəşkəsə nail olundu. Heydər Əliyev “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyasına insanları inandırdı və sağlam qüvvələri öz ətrafında birləşdirdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan öz təbii resurslarını iqtisadi gücə çevirməyə başladı. O dövrdə xarici investisiyaların cəlb olunması, yeni sənaye infrastrukturunun yaradılması, kənd təsərrüfatının dirçəldilməsi Azərbaycanın iqtisadi müstəqilliyini təmin edəcək əsas amillər idi. Nazir müavini qeyd edib ki, hazırda Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyası, hərbi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və makroiqtisadi sabitlik təmin olunub, torpaqlarımız işğaldan azad edilib, dövlət suverenliyimiz və müstəqiliyimiz tam bərpa edilib. Bununla yanaşı, o, cari il avqustun 8-də ABŞ-da keçirilmiş üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş hərbi zəfərin davamı olaraq Azərbaycan dövlətinin növbəti diplomatik uğuru kimi dəyərləndirib. Nazir müavini Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının həm iqtisadi, həm sosial rifah, həm də regionların balanslı inkişafı baxımından əhəmiyyətindən bəhs edib, bununla bağlı bəzi statistik göstəriciləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi iqtisadi çağırışlarla üz-üzə qalıb. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bu sahədə mühüm dönüş əldə edildi və Ulu Öndərin müdrik siyasi iradəsi ilə müstəqil Azərbaycanın iqtisadi suverenliyinin təməlləri yaradıldı.

Komitə sədri çıxışında Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenlik və iqtisadi müstəqillik konsepsiyasının yeni məzmun almasından danışıb. O, Azərbaycanın iqtisadi suverenliyinin qanunçuluq, strateji planlama və ekoloji məsuliyyət əsasında möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın real iqtisadi müstəqilliyin başlanğıcı oldu. Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsinə, habelə suverenliyinin daha da güclənməsinə töhfə verir.

Mərkəzi Bankının sədr müavini Əli Əhmədov bildirib ki, müstəqil və çevik pul-kredit siyasətinə malik olmaq milli iqtisadi təhlükəsizliyin əsas şərtlərindəndir. O qeyd edib ki, Azərbaycan qlobal qeyri-müəyyənlik şəraitində belə sabit və etibarlı maliyyə mühiti ilə seçilən ölkələrdən biridir. O, son illərdə Azərbaycanda inflyasiyanın nəzarətdə saxlanılması, valyuta bazarında sabitliyin qorunması və maliyyə institutlarının dayanıqlığının təmin olunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, Mərkəzi Bank bundan sonra da maliyyə sisteminin möhkəmləndirilməsi və davamlı iqtisadi artımın dəstəklənməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

Maliyyə nazirinin müavini Azər Bayramov konfransda bildirib ki, fiskal dayanıqlıq və səmərəli büdcə siyasəti iqtisadi müstəqilliyin əsas təminatçısıdır. Nazir müavininin sözlərinə görə, Azərbaycanın tətbiq etdiyi maliyyə intizamına əsaslanan siyasət büdcə sabitliyini qorumağa, fiskal riskləri minimuma endirməyə və milli iqtisadi təhlükəsizliyi təmin etməyə imkan verib. O qeyd edib ki, bu gün Azərbaycan öz iqtisadi qərarlarını milli maraqlar və daxili imkanlar əsasında formalaşdıran, xarici deyil, daxili imkanlar hesabına həyata keçirən ölkəyə çevrilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək rəqəmsal iqtisadiyyatın və dayanıqlı nəqliyyat şəbəkəsinin milli iqtisadi təhlükəsizlik və suverenliyin təminatında mühüm rol oynadığını bildirib. O deyib ki, Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya strategiyası, beynəlxalq rəqəmsal və nəqliyyat-logistika layihələri ölkənin geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, həm iqtisadi müstəqilliyin dərinləşməsinə, həm də sosial rifahın yaxşılaşmasına xidmət edir.

Konfransda Milli məclisin deputatları Günay Ağamalı, Əli Məsimli, Asif Əsgərov, Tahir Mirkişili, Rizvan Nəbiyev, Mübariz Qurbanlı, Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı çıxış ediblər. Çıxışçılar iqtisadi suverenliyin hüquqi, iqtisadi, fiskal, struktur və sosial dayaqları barədə danışıblar, dövlət müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji proqramlar Azərbaycanın iqtisadi müstəqilliyini və suveren inkişaf modelini möhkəmləndirir.

Tədbirə yekun vuran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın səmərəli keçdiyini bildirib, konfransa gələnlərə və çıxış edənlərə təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031