azturkxeber.az
http://azturkxeber.az

Cəlilabadda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

22-10-2025

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirdə Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd aqrar sahədə innovativ yanaşmaların təşviqi, fermerlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, toxumçuluq sektorunun inkişafı və bölgədə aqrar sahənin dayanıqlı inkişafına töhfə vermək olub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumları, digər dövlət strukturları, özəl şirkətlər və fermerlər iştirak ediblər. Fermerlər bu qurumların nümayəndələri ilə birbaşa ünsiyyət quraraq dəstək mexanizmləri, məhsullar və əməkdaşlıq imkanları barədə məlumat alıblar.

Festivala toxum, dərman vasitələri, ting və bitki mühafizəsi vasitələrinin satışı və istehsalı, eləcə də kənd təsərrüfatı texnikaları və suvarma sistemləri sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər də qatılıblar. Şirkətlər öz məhsul və xidmətlərini təqdim edərək fermerlərə müasir aqrotexniki yeniliklər, bitki mühafizəsi tədbirləri, düzgün suvarma və texniki təminatın əhəmiyyəti barədə məlumat veriblər.

Festivalda iştirak edən bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlara təqdim etdikləri güzəştli kreditlər, lizinq və sığorta xidmətləri barədə ətraflı məlumat veriblər.

Yarmarka çərçivəsində fermerlərə yüksək məhsuldarlığı ilə seçilən toxum sortları təqdim olunub. Bölgənin torpaq və iqlim şəraitinə uyğun olaraq “Yubiley-90”, “Ləyaqətli-80”, “Esperia” və “Qobustan” yumşaq buğda, “Xudafərin”, “Rəvan” və “Göytəpə” bərk buğda, həmçinin “Finola”, “Cəlilabad-19” və “Dəyanətli” arpa sortlarının istifadəsi tövsiyə olunub.

Festival çərçivəsində yerli istehsalçılar üçün satış imkanları yaradılıb, iştirakçılar bölgənin kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar və yeni əməkdaşlıq imkanları qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031