azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan–Qazaxıstan Strateji Tərəfdaşlığı: Avrasiya məkanında yeni inteqrasiya nümunəsi

22-10-2025

Prezident cənab İlham Əliyevin dost və qardaş Qazaxıstana budəfəki səfəri iki ölkə arasında siyasi, iqtisadi, humanitar əlaqələrin dinamik inkişafını daha da dərinləşdirəcək. Azərbaycanla Qazaxıstan arasında düz 20 il bundan əvvəl strateji tərəfdaşlıq və müttəfiqlik haqqında sənəd imzalanmışdır. Hər iki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Son üç ildə Prezident cənab İlham Əliyev Qazaxıstana 7 dəfə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Azərbaycana 6 dəfə səfər etmələri və imzalanan dövlət sənədləri əməkdaşlığımıza böyük təkan verir. Prezident cənab İlham Əliyev hər zaman Türk dövlətlərinin birliyinə, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, o cümlədən hərbi sahədə əməkdaşlığın yaradılmasına böyük önəm verir. Bu baxımdan bu il Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə Prezidentimiz TDT-na üzv dövlətlərin birgə hərbi təlimlər keçirilməsi təklifini irəli sürmüşdür. Cənab İlham Əliyevi Astana hava limanında qardaş ölkənin Prezidentinin şəxsən qarşılaması ölkə başçımızın Qazaxıstanda böyük hörmətə və ehtirama sahib olmasına sübutdur. Ümumiyyətlə dünyanın bir çox dövlət və hökumət başçıları İlham Əliyevin müasir dünyanın güclü siyasətçisi və lider olduğunu vurğulayırlar. Prezidentimizin yeritdiyi siyasət, həyata keçirdiyi böyük layihələr tək ölkəmiz üçün deyil, bütün Avrasiya məkanının tərəqqisinə və inkişafına xidmət edir. Bir vaxtlar hər kəsin əfsanə adlandırdığı Bakı-Tbilisi-Qars dəmir yolu məhz Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsi sayəsində reallaşdı. Bu marşrut xətti vasitəsilə Qazaxıstan da daxil olmaqla Asiyadan Avropaya yükdaşımaların həcmi hər il artmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Qazaxıstan nefti Avropaya ixrac olunur. Orta Dəhliz, transxəzər marşrutları ilə hər il milyonlarla ton yük Asiyadan Avropaya və əks istiqamətdə daşınırki, burada da şəxsən Prezident İlham Əliyevin böyük əməyi olmuşdur. Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi açıldıqdan sonra Avrasiya məkanında yeni dövrün başlanğıcı olacaq. Ölkə başçımız Qazaxıstanda Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılmasının mümkünlüyü barədə də mesaj verdi. Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa edilmiş Ələt Beynəlxalq Dəniz Limanı Orta Dəhlizin mühüm marşrut xəttinə çevrilmişdir. Çindən, eləcə də Mərkəzi Asiya dövlətlərindən yüklər Ələt Limanına, oradan isə Avropa dövlətlərinə ixrac olunur.

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi hər il artan xətlə yüksəlməkdədir. Bu gün Azərbaycan və Qazaxıstan iş adamları qarşılıqlı surətdə böyük sərmayələr yatırırlar. Astanada Prezident cənab İlham Əliyev və Kasım Comart Tokayevin iştirakı ilə Ali Dövlətlərarası Şurasının ikinci iclası da baş tutdu.

Qazaxıstanda yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə olunan ən əsas mövzulardan biri oldu. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji istehsalı sahəsində birgə layihələr həyata keçirir. Yaxın gələcəkdə Qazaxıstan və Özbəkistanda istehsal olunacaq yaşıl enerjinin Xəzər dənizinin dibi ilə çəkilən elektrik xətləri vasitəsilə Azərbaycandan keçməklə Avropaya ixrac edilməsi nəzərdə tutulur.

Qazaxıstan eyni zamanda qiymətli metallarla, xüsusilıə zəngin uran ehtiyatlarına malik bir dövlətdir. Qazaxıstanda emal olunmuş uranın Azərbaycandan keçməklə Avropaya ixracı da reallaşacaq.

Prezident cənab İlham Əliyevin Qazaxıstana səfəri bir daha sübut etdi ki, Azərbaycan Avrasiya məkanının iqtisadi inkişaf xəritəsində öndə duran bir dövlətdir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031