Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Nəriman oğlu Həmidovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.