Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qalib gəlib
Almaniyanın paytaxtı Berlində “Kuc Boxing Promotion” şirkətinin təşkilatçılığı ilə “Internationale Profi-Boxgala Vol.8” beynəlxalq peşəkar boks turniri keçirilib. Turnirdə Azərbaycanı Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü Kənan Hüseynəliyev təmsil edib. İdmançımız turnirdə Almaniyanı təmsil edən Atilla Kayabaşı ilə qarşılaşıb. Gərgin idman mübarizəsində şəraitində keçən qarşılaşmada Kənan Hüseynəliyev ilk raunddan əldə etdiyi üstünlüyü döyüşün sonuna qədər qoruyub saxlayaraq qələbə qazanıb. Azərbaycan diasporunun üzvləri tribunalardan idmançımıza fəal dəstək nümayiş etdiriblər. Boksçumuzun qələbəsi həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qarşılanıb.
Kənan Hüseynəliyev AZƏRTAC-a müsahibəsində məhz Azərbaycanın Müstəqilliyinin Bərpası Günündə qələbə qazanmasından son dərəcə qürur duyduğunu bildirib: “Bu gərgin yarışa iki ay ərzində ciddi hazırlaşırdım. Qarşılaşdığım Almaniyanı təmsil edən idmançı güclü boksçulardan hesab olunur. Bu döyüşdə qalib gələrək, peşəkar rinqdə 11-ci qələbəmi qazandım. Qələbəmi ölkəmizə və xalqımıza həsr edirəm. Fürsətdən istifadə edərək, klubumuzun rəhbəri və məşqçim Azad Əzizova, digər məşqçilərimə və qarşılaşma boyu məni yorulmadan dəstəkləyən diasporumuzun üzvlərinə dərin minnətdarlığımı bildirirəm”.
“Odlar Yurdu” boks klubunun rəhbəri Azad Əzizov isə media nümayəndələrinə müsahibəsində Azərbaycanın idman şərəfini nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə uğurla təbliğ etməkdən məmnunluğunu bildirib: “Odlar Yurdu” klubu olaraq Almaniyada bir neçə ildir ki, uğurla fəaliyyət göstərir və Azərbaycanın adını yüksək səviyyədə təmsil etməyə çalışır, ölkəmizin idman potensialını beynəlxalq arenada layiqincə nümayiş etdiririk. Klubumuzun üzvləri indiyədək müxtəlif turnirlərdə möhtəşəm nailiyyətlər qazanıblar. Bu gün klubun üzvü Kənan Hüseynəliyev bu mötəbər turnirdə Almaniyanı təmsil edən təcrübəli boksçuya qarşı döyüşdə mühüm qələbə qazanaraq bizə qələbə sevinci yaşatdı. Kənanın bu qələbəsi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır. Biz, qalib xalqın qalib nümayəndələri kimi, bu gün də qalib gəldik və yerli tamaşaçılara, idmansevərlərə Azərbaycan xalqının qələbə əzmini bir daha göstərdik. Fürsətdən istifadə edərək, bizi dəstəkləyən diasporumuzun üzvlərinə dərin minnətdarlığımı bildirir, bu qələbə və Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm“.
Qeyd edək ki, Kənan Hüseynəliyev bu qələbə sayəsində peşəkar boksda əsas rəsmi titullardan olan EBU Avropa kəməri uğrunda yarışda iştirak hüququ qazanıb.