“Airbus” şirkəti “Eurofighter” qırıcılarının istehsalını iki dəfə artıracaq
Bundesver Almaniya Ordusu üçün 20 “Airbus Eurofighter” qırıcı təyyarəsi alacaq. Müqaviləyə əsasən, təyyarələr 2031–2034-cü illərdə Almaniyaya təhvil veriləcək.
Əlavə sifarişlərin olacağını proqnozlaşdıran şirkət istehsal gücünü artırır. “Airbus”un hərbi aviasiya bölməsinin rəhbəri Mixael Şöllhorn qəzetə açıqlamasında əvvəllər ildə 10 təyyarə istehsal səviyyəsini qorumaq üçün mübarizə apardıqları halda indi yeni sifarişlərin gözlənilməsi ilə əlaqədar bu səviyyəni iki dəfə artırdıqlarını bildirib.
“Airbus” ilə yanaşı, “Eurofighter” konsorsiumuna daxil olan digər şirkətlər - Britaniyanın “BAE Systems” və İtaliyanın “Leonardo” şirkətləri də istehsalı artıracaq. Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə ölkənin bu təyyarələrə maraq göstərdiyi bildirilir.
Almaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, müqavilənin dəyəri 3,75 milyard avrodur. Yeni “Eurofighter”lər Almaniya Hərbi Hava Qüvvələrini gücləndirəcək və 2040-cı ilə planlaşdırılan yeni Avropa hava döyüş sistemi - FCAS layihəsi hazır olana qədər boşluğu dolduracaq.