azturkxeber.az
http://azturkxeber.az

Ölkəmiz qələbələrlə zəngin dinamik inkişaf yolunda mühüm sosial irəliləyişlərə nail olub

15-10-2025

Xalqımız 2003-cü ilin 15 oktyabrında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti seçməsi ilə ölkəmizin dinamik və hərtərəfli inkişafına, uğur və qələbələrinə təminat yaradıb. Ötən dövrdə Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində iqtisadi və hərbi gücünü sürətlə artıran və möhtəşəm tarixi Zəfər zirvəsinə yüksələn Azərbaycan eyni zamanda mühüm sosial irəliləyişlərə nail olub.

Sosial ödənişlərin artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edir və ölkə Prezidentinin imzaladığı Fərman və Sərəncamlarla bu istiqamətdə davamlı addımların atılması təmin edilib. 2003-cü ildən ötən dövrdə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400 manata, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 2025-ci ilin 1 sentyabr tarixinə 1093,8 manata, orta aylıq pensiya 22,6 dəfə artaraq 539 manata, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata çatıb.

Xüsusilə 2018-2025-cü illərdə Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında 5 sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 mlrd. manatdır. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, əməkhaqqı fondunda 3,2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardlımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib. Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 mlrd. manatı ötüb. Həmçinin, 10 yeni sosial ödəniş növü təsis olunub.

Son illər Azərbaycanın pensiya təminatında bir sıra humanist yanaşmalar da tətbiq edilərək, pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi quruıması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla, 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik olaraq yaşa görə pensiya təyin olunur. Eyni zamanda, erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırasının son illər əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunub.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə uğurla davam etdirilib və möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Həmçinin postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7800 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Dövlətimizin başçısının uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri də onun Fərmanı ilə 2019-cu ildən ölkəmizdə yaradılan DOST mərkəzləridir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan və dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş DOST modeli 161 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. Artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, “Smart DOST” xidmət məntəqəsi, 1 DOST məntəqəsi, 1 DOST filalı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,6 faiz olması DOST modelinin uğurlu bir islahat nümunəsu olduğunu göstərir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişafına önəmli dəstək verir. Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onlara sosial pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir. Ötən dövrdə Mərkəzdə və onun İsmayıllı və Bərdə rayonlarındakı filiallarında 800-dən çox şəxsə xidmət göstərilib.

Prezident cənab İlham Əliyevin həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində ötən dövrdə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də xeyli genişlənib. Əlilliyi olan şəxslər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, günərzi və icma əsaslı sosial reabilitasiya, sosial xidmət mərkəzləri şəbəkəsi, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz Naftalan, Lənkəran, Yevlax, Qəbələ, Şəmkir və digər bölgələrdə əlilliyi olan şəxslər üçün Reabilitasiya Mərkəzləri yaradılıb.

Dövlət başçısının tapşırığına əsasən son illər sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra edilərək əmək və məşğulluq, sosial müdafiə üzrə xidmətlərin 90 faizdən çoxu artıq rəqəmsallaşdırılıb. Sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb. 2019-cu ildə ölkəmizin sosial reyestri olan e-sosial.az portalı, 2022-ci ildə vahid əmək münasibətləri platforması olan və əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidə imkan verən "Əmək və Məşğulluq" altsistemi işə salınıb. Təkcə 2024-cü ildə əmək və məşğulluq, sosial müdafiə üzrə e-sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, o cümlədən DOST konsepsiyası və rəqəmsal xidmətlər 240-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı Azərbaycana qarşıdakı dövrdə də böyük tarixi uğurlar, möhtəşəm qələbələr, eyni zamanda vətəndaş rifahının təminatı sahəsində yeni sosial nailiyyətlər qazandıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031