Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
Milli Kitabxanada Azərbaycan Milli Məclisinin İctimai birliklər və Dini Qurumlar Komitəsinin, həmçinin Böyük Quruluş Partiyasının sədri, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə ictimai xadim Fazil Mustafanın cəmiyyət həyatının fərqli sahələrinə, tarixi şəxsiyyətlərə, dünya siyasətinə, Qarabağ uğrunda aparılan uğurlu savaşa və s. bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edən əsərləri, şeirləri, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son vaxtlar dövri mətbuatda dərc olunmuş, publisistik və elmi məqalələrindən ibarət toplular, Milli Məclisdəki çıxışları və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Qeyd edək ki, Fazil Mustafa (Fazil Qəzənfər oğlu Mustafa) 1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olub. 1986–1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildəAXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri, 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Türkiyə təmsilçisi, 1998–2001-ci illərdə isə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultaydan etibarən partiya sədri seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya sədri seçilib.
2005-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda “Azərbaycan Türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi adını alıb.
Fazil Mustafa 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə Milli Məclisə seçilmiş, müxtəlif komitə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmişdir. 2024-cü il sentyabrın 23-də VII çağırış Milli Məclisdə İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri, oktyabrın 8-də isə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir. Həmçinin, bir sıra xarici parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunan bir çox kitabın, yüzlərlə elmi və publisistik məqalənin müəllifidir. Onun “Əbülfəz Elçibəy: Tarixdən gələcəyə”, Azərbaycan Türkünün İman Davası”, “Türk kimliyi və Azərbaycan Vətəni”, “Ölümdən sonrakı diriliş”, “”Sümüklərimiz haqqında elegiya”, “Bir türkün münifesti”, “Bu xalqdan o xalqa doğru”, “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü”, “İkinci Cümhuriyyətin quruluşu”, “Asiyadan sivilizasiyaya” adlı kitabları geniş yayılmışdır.