Bakıda “Diego Rivera: Daha yaxşı gələcəyin vədi” adlı sərgi açılıb
Meksikanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Diego Rivera Anahuacalli Muzeyinin “Diego Rivera: Daha yaxşı gələcəyin vədi” adlı sərgisinin açılışı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Onun sözlərinə görə, sərgidə təqdim olunan əsərlər təkcə Meksika incəsənətinin deyil, həm də ümumbəşəri dəyərlərin təcəssümüdür.
Diego Rivera Anahuacalli Muzeyinin direktoru Mariya Teresa Moya sərginin təşkilindən məmnunluğunu diqqətə çatdırıb. “Sərgidə iki ölkə arasındakı bənzərlikləri göstərməyə çalışdıq. Riveranın bu əsərləri Meksika xalqına olan sevgisini ifadə edir. Lakin bu sevginin bütün xalqlara şamil olduğunu görmək mümkündür. Diego inanıb ki, incəsənət cəmiyyəti dəyişdirə biləcək gücə malikdir. O, hamı üçün bərabər cəmiyyət görmək istəyirdi. Bu, Dieqonun arzuladığı və inandığı idealdır”, – deyə Mariya Teresa Moya əlavə edib.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero qeyd edib ki, bu sərgi iki il əvvəl Meksikanın Anahuacalli Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi arasında başlanan əməkdaşlıq layihəsinin nəticəsidir.
Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.