Tacikistan nümayəndə heyəti Azərbaycanın penitensiar və probasiya sahəsində təcrübəsi ilə tanış olub
Tacikistan Respublikasının Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndə heyəti Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin fəaliyyəti və probasiya sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olublar.
Tacikistan Respublikasının Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəis müavini Voris Gozizodanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
Daha sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüş keçiriblər.
Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqların təmin olunması müzakirə olunub, infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən penitensiar müəssisələrin inşası və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində keçirilən görüşdə xidmətin rəisi Vüqar Ağayev, xidmətin məsul əməkdaşları, eləcə də Bakı şəhəri Probasiya idarəsinin nümayəndələri iştirak ediblər.
Görüşdə son illərdə ölkəmizdə probasiya sisteminin inkişafı istiqamətində həyata keçirilən institusional və hüquqi islahatlar, probasiya nəzarətində olan şəxslərlə aparılan sosial və psixoloji reabilitasiya tədbirləri, həmçinin rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi barədə ətraflı məlumat verilib. Qonaqlara elektron nəzarət vasitələrinin tətbiqi və innovativ idarəetmə platformalarına dair təqdimatlar nümayiş etdirilib.
Tədbir zamanı Azərbaycan və Tacikistanın ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Tacikistan nümayəndə heyəti ölkəmizdə penitensiar və probasiya sistemlərinin müasir yanaşmalar əsasında qurulmasını, məhkumların sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirləri, eləcə də rəqəmsal texnologiyaların tətbiqini yüksək qiymətləndirib, bu sahələrdə əldə olunan təcrübənin ikitərəfli əməkdaşlıq çərçivəsində öyrənilməsinin vacibliyini qeyd ediblər.