“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası Gədəbəydə keçirilib.
AHİK-dən bildirilib ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya, oftalmologiya, travmatologiya-ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən tibbi xidmətlər göstərilib.
İki gün davam edən aksiya zamanı 640 rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.