azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev və TDT: Geosiyasi güc mərkəzinə aparan liderlik

10-10-2025

Qəbələdə "Regional sülh və təhlükəsizlik" devizi altında Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü Türk dünyasında mühüm hadisə kimi tarixə düşdü. TDT tarixi, mədəniyyəti ortaq olan dövlətlərin birliyi olmaqla yanaşı Avrasiyanın gələcəyini müəyyən edən, digər dövlətlərin də iqtisadi inkişafına və tərəqqisinə töhfə verəcək qurumdur.

Əsası Naxçıvanda qoyulan Türk Dövlətləri Şurası 2021-ci ildə TDT adlandırılmasından sonra qurum Avrasiyada geosiyasi mərkəzə çevrildi. Təşkilatın beynəlxalq aləmdə nüfuz qazanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri danılmazdır. TDT-nin iqtisadi, siyasi fəaliyyətində Azərbaycanın lokomotiv ölkə olması hər kəsə məlumdur. Prezident cənab İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur" deməsi ölkə başçımızınTürk dünyasının birliyinə nə qədər önəm verdiyinə sübutdur. TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyasının, Türk Mədəniyyət və İrs Fondunun, eləcə də Türk İnvestisiya Fondunun yaradılmasında və səmərəli fəaliyyət göstərməsində Prezident cənab İlham Əliyevin böyük əməyi olmuşdur. Azərbaycan Türk Dövlətləri ilə ikitərəfli əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Türkiyə, Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışdır. Birgə yaradılmış İnvestisiya Fondları ölkələrimizin iqtisadi dirçəlişinə böyük töhfə verir.

12-ci Zirvə Görüşündə çıxış edən Prezident cənab İlham Əliyev TDT-nin gələcək inkişafına dair konkret strategiyaya əsaslanan təkliflər irəli sürdü. Ölkə başçımız TDT-nin artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz olduğunu vurğuladı.

Bu gün dünyada gərgin geosiyasi vəziyyət hökm sürür. Dünyanın bir sıra regionlarında böyük müharibələr, münaqişələr baş verir. Ölkəmizin milli suverenliyinin, təhlükəsizliyinin qorunub saxlanılması üçün güclü ordunun yaradılması və Türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi çox vacibdir. Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, mahir diplomatik bacarığı və yaratdığı qüdrətli ordu sayəsində Azərbaycan 2020-ci ildə torpaqlarının böyük hissəsini işğaldan azad etdi, 2023-cü ildə uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Bununla da Azərbaycan öz suverenliyini tam bərpa etdi. Azərbaycanın bu Zəfəri Türk dünyasının dünya miqyasında nüfuzunu ucaltdı. Qarışıq dünyada milli təhlükəsizliyin qorunmasında Türk dünyasında hərbi əməkdaşlığın gücləndirilməsi çox vacib məsələdir. Bu baxımdan Azərbaycanla Türkiyə arasında mövcud hərbi əməkdaşlıq yüksək səviyyədədir. İki qardaş dövlət arasında 25 birgə hərbi təlimlər keçirilmişdir. Prezident cənab İlham Əliyev çıxışında 2026-cı ildə Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi haqqında təklifi ölkələrimizin milli təhlükəsizliyinə böyük töhfə verər.

Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının üzərində yerləşən bir ölkədir. Azərbaycanda yaradılmış nəqliyyat, loqistika infrastruktur layihələri Türk Dövlətlərinin birliyinə böyük töhfələr verəcək. Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi açıldıqdan sonra Türk dövlətləri arasında əlaqələr daha da genişlənəcək.

12-ci Zirvə Görüşünün sonunda dövlət başçıları 121 bənddən ibarət Qəbələ Bəyannaməsi qəbul etdilər. Həmçinin "TDT+" formatının yaradılması, TÜRKSOY-un imkanlarının gücləndirilməsi və Türk Akademiyası barədə razılaşmalar imzalandı. Qəbələ görüşü TDT-nin Türk dünyasının birliyinin gücləndirilməsi ilə yanaşı dünyaya açıq əməkdaşlıq siyasəti həyata keçirən bir təşkilat olması ilə tarixə yazıldı.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031