azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 10 oktyabr tarixli plenar iclasında çıxışı

10-10-2025

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak etmək idi.

Hörmətli həmkarlar!

Oktyabrın 1-də Sammitin açılış mərasimində etdiyim çıxışda mən beynəlxalq münasibətlər sistemində Azərbaycanın müdafiə etdiyi prinsiplər haqqında danışdım. Ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri nəzərə çatdırdım.

Qeyd etdim ki, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, humanitar yardım fəaliyyətləri onun bu istiqamətdə kollektiv səylərə güclü sadiqliyini əks etdirdi.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verdim.

Hörmətli həmkarlar!

Oktyabrın 2-də keçirilən Sammitdə “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış etdim. Fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərimi böluşdüm. Milli Məclisin bu sahədə çoxsaylı qanunlar qəbul etdiyini bildirdim.

Ötən ilin noyabrında möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırlatdım. Tədbirin mühüm nəticələri barədə məlumat verdim. Həmçinin nəzərə çatdırdım ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi etmişdir.

Hörmətli deputatlar!

Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlərim oldu. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Avstraliya, Sinqapur, Cənubi Afrika Respublikası, Zimbabve parlamentlərinin sədrləri, Braziliya parlament nümayəndə heyətinin rəhbəri ilə söhbətlərimdə Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdim.

Ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi də aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031