azturkxeber.az
http://azturkxeber.az

Günay Əfəndiyeva: TDT nəhəng bir coğrafiyanın iradəsini təmsil edir

10-10-2025

Günay Əfəndiyeva: TDT nəhəng bir coğrafiyanın iradəsini təmsil edir

Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü gerçəkləşdi. Görüşün yekununda təşkilatda sədrlik Azərbaycana keçdi.

Türk Dövlətləri Təşkilatı bizim köklərimizə söykənən müasir bir həmrəylik modelidir. Unutmamalıyıq ki, bu təşkilat nəhəng bir coğrafiyanın iradəsini təmsil edir. Vaxtilə türk dövlətləri bir araya gələrək Türk Dövlətləri Təşkilatının əsasını qoydular, bu gün artıq təşkilatın özü üzv ölkələri müxtəlif istiqamətlərdə, platformalarda dəstəkləyir, onlara inkişaf üçün yeni imkanlar açır. Əgər əvvəllər biz ideyanı yaşadırdıqsa, indi həmin ideya bizi yaşadır, birləşdirir və gücləndirir.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Milli Məclisin oktyabrın 10-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, eyni zamanda, TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, son illərdə təsis olunan Türk İnvestisiya Fondu kimi strukturlar ümumtürk həmrəyliyinin parlamentar, mədəni, elmi, iqtisadi və digər sahələrdə dayaqlarını möhkəmləndirir.

G.Əfəndiyeva Türk dünyasinda günü-gündən ölkələrimizin maraqlarına, zamanın tələblərinə uyğun olaraq, yeni təşəbbüslərin, mexanizmlərin formalaşdırılmasından bəhs edərək, vurğulayıb: “Türk dövlətlərinin başçıları arasında əlaqələrin xarakteri də bunu bir daha sübut edir. Baxın, artıq görüşlər rəsmi format ilə yanaşı, həm də dostluq, səmimiyyət və etimad mühitində, qeyri-formal şəraitdə reallaşdırılır. Bu konteksdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşada keçirilən, bir çox ciddi məqamları əhatə edən qeyri-rəsmi Zirvə Görüşü mühüm bir nümunə oldu”.

Deputat bildirib ki, 16 illik Türk Dövlətləri Təşkilatı hər il böyüyür, genişlənir, dərinləşir. O, son zamanlarda Türkmənistanın Türk dünyasının ortaq fəaliyyətlərində aktiv iştirakının yüksək qiymətləndirildiyini bildirərək vurğulayıb:

“Zirvə çərçivəsində türk dövlətlərinin başçıları tərəfindən Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin onlayn formatda təməli qoyuldu. Artıq həmrəyliyimiz dini dəyərlərimiz üzərində də möhkəmlənir. Əminəm ki, bu məsciddən Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək”.

Günay Əfəndiyeva Zirvə Görüşünün ortaq türk mədəniyyətinin inkişafı üçün çox vacib təkliflərlə yadda qalmasına diqqət çəkərək deyib: “Azərbaycan Prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması təşəbbüsü ilə çıxış etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk dünyasının mənəvi irsi kimi dahi Nizaminin və Nəvainin yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın keçirilməsini irəli sürdü.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə 15 dekabrın Dünya Türk dili Ailəsi Günü kimi elan olunmasını təklif etdi.

Düşünürəm ki, bu dəyərli təşəbbüslərin reallaşdırılması xalqlarımızı bir-birinə daha da doğmalaşdıracaq, ortaq mədəni kimliyimizin yaşadılmasına xidmət edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031