Xocalı rayonunun Ballıca və Xanyurdu kənd sakinlərinə aqrar sahənin aktual mövzularına dair keçirilən təlimlər yekunlaşıb
Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzinin keçirdiyi təlimlərdə iştirak edən kənd sakinlərə sertifikatlar təqdim olunub
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydalarına uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə təşkil olunan təlimlər yekunlaşıb.
Təlimlərdə iştirak edən fermerlərə bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirikən təlimlərin yekun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə nəticəsində Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə 23 sentyabr 3 oktyabr tarixləri arasında 11 modul üzrə keçirilən 21 təlimdə iştirak edən fermerlərdən 51 nəfər müvəffəqiyyət qazanaraq sertifikatla təltif olunub.
Daha sonra Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə yaradılan kooperativ və ailə-kəndli təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə kooperativlərin yaradılması, birgə fəaliyyətin fermerlər üçün üstünlükləri, kooperativlərə dövlət dəstəyi mexanizmləri, bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib, kənd sakinlərinin sualları cavablandırılıb.