ÜST: Qəzzada səhiyyənin yenidən qurulması üçün 7 milyard dollardan çox vəsait lazımdır
Qəzzada səhiyyə sektorunun yenidən qurulması üçün 7 milyard ABŞ dollarından çox vəsait lazımdır. Bu məbləğ humanitar yardımın göstərilməsi, sektorun təcili dirçəldilməsi və uzunmüddətli ehtiyacların qarşılanması üçün tələb olunur.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə regional direktoru Hanan Bəlxi bildirib. O, bu gün verdiyi açıqlamada Qəzza zolağında səhiyyə sahəsinin maliyyələşdirilməsinin vacibliyini vurğulayıb, bu investisiyanı sülh və sabitlik üçün zəruri hesab edib.
H.Bəlxi qeyd edib ki, müharibənin başa çatacağına dair bir ümid işartısı görünməyə başladığı bu vaxtda humanitar böhrana cavab vermək və tez bir zamanda bərpa prosesinə keçmək son dərəcə vacibdir.
Qeyd olunub ki, ÜST münaqişədən sonrakı dövrə uzun müddətdir hazırlaşır və artıq bu istiqamətdə aydın bir yol xəritəsinə malikdir. Onun sözlərinə görə, ilk addım xəstəxanaların fəaliyyətinin bərpası olacaq və bu zaman aclq və qida çatışmazlığı ilə mübarizə eyni vaxtda aparılacaq.
BMT rəsmisi donorları təcili humanitar ehtiyacları qarşılayacaq zəruri yardımı göstərməyə və infrastrukturun bərpasına, yerli potensialın gücləndirilməsinə, Fələstin institutlarının bərpa prosesinə liderlik etməsinə imkan verəcək çevik, proqnozlaşdırıla bilən və çoxillik dəstək təqdim etməyə çağırıb.