Ombudsman Səbinə Əliyeva: “Psixiatr çatışmazlığı və sıxlıq problemi mövcuddur”
“Bu gün Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi qalmaqdadır. Bu müəssisələrdə həkim və orta tibb heyəti üzrə kadr çatışmazlığı mövcuddur. Narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir. Burada da ixtisaslı kadrların-narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən konkret addımların atılmasını da müsbət məqam kimi qeyd etmək istərdik.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrə keçirilmiş başçəkmələr zamanı əvvəlki monitorinqlərdə verilmiş təklif və tövsiyələrin icra edildiyi müşahidə olunsa da, bəzi nöqsanların hələ də qaldığı müəyyən edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində kadr çatışmazlığının mövcudluğu və vakant ştatların komplektləşdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Psixoloq ştatının vakant olması müəssisə sakinlərinin qanunla təsbit edilmiş ödənişsiz psixoloji yardım almaq hüququnun təminində çətinliklərə səbəb olur.
Penitensiar müəssisələrdə psixiatr azlığı problemi hələ də aktual xarakter daşıyır. Ümumiyyətlə, ölkəmizdə psixiatr çatışmazlığı problemini də növbəti dəfə qeyd etmək istərdik. Bu baxımdan “penitensiar psixoloq”, “penitensiar psixiatr” ixtisaslaşması üzrə ali məktəblərdə kadrların yetişdirilməsinə ehtiyac vardır. Bəzi hallarda cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sonradan müəyyən psixi xəstəliklərə tutulması hallarına rast gəlinir ki, bu zaman onların psixi sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsinə zərurət yaranır. Bu baxımdan hesab edirik ki, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi qaydalarına və müvafiq xəstəliklərin siyahısına yenidən baxılması və təkmilləşdirilməsinə ehtiyac vardı”.