Ombudsman Səbinə Əliyeva: !!!! “Nəzarət mexanizmlərinin zəifliyi özəl reabilitasiya mərkəzlərinin faktiki olaraq “boz zonalara” çevirilməsinə gətirib çıxarır”
“Bu il tərəfimizdən ilk dəfə olaraq müxtəlif asılılıqlar- narkomaniya, alkoqolizm, ludomaniya (qumar) ilə bağlı reabilitasiya xidmətləri təklif edən özəl mərkəzlərin monitorinqi prosesinə start verilib. Öz-özlüyündə bu tipli mərkəzlərin dünyanın əksər ölkələrində fəaliyyət göstərməsinə, psixi sağlamlığın təmin edilməsi, adıçəkilən asılılıqlardan əziyyət çəkən şəxslərin normal həyata qayıtması və cəmiyyətə adaptasiyasında əhəmiyyətli rol oynamasına baxmayaraq, aparılmış araşdırma və təhlil işi bu sahədə ciddi narahatlıq doğuran məqamların olduğunu deməyə əsas verir.
Belə ki, bu müəssisələrdə tibbi təhsili olmayan şəxslərin çalışması pasiyentlərin sağlamlıq və yaşamaq hüquqlarını birbaşa təhlükə altına qoyur, nəzarət mexanizmlərinin zəifliyi isə onları faktiki olaraq “boz zonalara” çevirir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərdə konkret şəxslərə ünvanlanan, fərdi xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunan reabilitasiya proqramlarının seçilməsi, onların effektivliyi, gedişatı və nəticələrinin qiymətləndirilməsi peşəkar mütəxəsssislər tərəfindən ciddi suallar doğurmaqdadır”.