Ombudsman Aparatının əməkdaşı “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inklüziv təhsil sahəsində yerli və xarici ekspertlərin iştirakı ilə inklüziv təhsil strategiyalarını, rəqəmsal transformasiyanın imkanlarını və süni intellektin tətbiqi ilə bağlı çağırışları müzakirə etmək məqsədilə “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illik yubileyinə həsr olunmuş həmin konfransda iştirak edib.
Açılış mərasimində çıxışı zamanı M.Mahmudov hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Konstitusiya, digər qanunvericilik aktları və beynəlxalq öhdəliklərə uyğun olaraq təhsildə ayrı-seçkiliyin qarşısının alınması istiqamətində zəruri addımların atıldığını vurğulayıb.
Eyni zamanda, Ombudsmanın təhsil hüququnun təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən inklüziv təhsilin hüquqi bazasının formalaşdırılması, pedaqoji və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanması istiqamətində Müvəkkil tərəfindən irəli sürülən təkliflər barədə məlumat verilib. Həmçinin təhsil müəssisələrində əlilliyi olan şəxslər üçün universal dizayn prinsiplərinə uyğun müyəssər şəraitin yaradılmasının vacibliyi qeyd olunub.