Gəncə terrorundan 5 il ötür: Ermənistanın raket hücumlarının acı izləri
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 5 il ötür.
Ermənistanın İkinci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Bundan əlavə, şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.