azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı

03-10-2025

Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı

Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi olmuş 1993-cü il oktyabrın 3-ü dövlətçilik salnaməmizin ən şərəfli səhifələrindən biridir. Həmin gün xalqımız öz xilaskarına - Heydər Əliyevə etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim ölkəmizi xaosdan, tənəzzüldən və anarxiyadan xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı, dövlətimizin gələcək taleyini müəyyənləşdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

O xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Belə bir məqamda Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin xilası üçün tarixi zərurət oldu. Ulu Öndər xalqın etimadına söykənərək cəsarətli və uzaqgörən siyasət həyata keçirdi, Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi və dövlətçiliyin möhkəmlənməsinə nail oldu.

Komitə sədri bildirib ki, Ümummilli Liderin həyat amalını ifadə edən məşhur sözləri bu gün də dövlətçilik andı kimi səslənir: “Mən bütün həyatımı yalnız və yalnız Azərbaycan xalqına həsr etmişəm”.

Həmin dövrdə - 1993-cü ildə Azərbaycan Respublikası Prezidentliyinə namizəd Əliyev Heydər Əlirza oğlunun müdafiəsi üçün təşəbbüs qrupunun üzvü kimi qeydə alındığını vurğulayan Siyavuş Novruzov deyib: “Bu, mənim həyatımın ən şərəfli səhifələrindən biri idi.

Belə ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə:

- dövlət idarəçiliyi möhkəmləndi və səmərəliliyi təmin olundu,

- ölkədə ictimai-siyasi sabitlik bərpa edildi,

- dayanıqlı iqtisadi inkişafın möhkəm təməli qoyuldu,

- xalqla iqtidar arasında etimada əsaslanan birlik formalaşdı,

- Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı, dövlət suverenliyi etibarlı şəkildə qorundu,

- neft strategiyası həyata keçirildi və ölkənin beynəlxalq nüfuzu gücləndi,

- Milli Ordunun yaradılması və müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atıldı,

- Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı,

- Konstitusiya qəbul olunaraq demokratik, hüquqi dövlətin institusional əsasları quruldu,

- elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, milli-mənəvi dəyərlərin qorunması təmin edildi”.

Deputat qeyd edib ki, “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji siyasətinin təməli qoyuldu, ölkə regionun aparıcı dövləti və etibarlı tərəfdaşı kimi tanındı. Eyni zamanda, Ulu Öndərin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və müstəqilliyini möhkəmləndirdi. Onun müdrik sözləri bu siyasətin mahiyyətini açıq ifadə edir: “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur”.

Bu gün respublikamız Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Onun dövlətçilik irsi, milli həmrəylik və xalq-iqtidar birliyi prinsipləri müasir Azərbaycanın uğurlarının əsasıdır.

Məhz bu möhkəm təməlin üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi Böyük Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Heydər Əliyevin arzuladığı kimi qüdrətli və qalib dövlətə çevrildi.

Bir sözlə, 32 il əvvəl xalqımızın verdiyi tarixi qərar bugünkü qalib Azərbaycanın əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik dövlətçilik siyasəti və əbədi ideyaları müstəqilliyimizin dönməzliyinin təminatıdır.

Azərbaycan xalqı daim fəxr edəcək ki, onun tarixində dahi rəhbər, xilaskar Lider - Heydər Əliyev olub. Bu yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və xalqımız yeni zirvələrə doğru inamla irəliləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031