Ombudsman Aparatının nümayəndəsi kasetli sursatlar probleminə həsr olunan tədbirdə iştirak edib
“Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Minatəmizləmə Agentliyinin, digər aidiyyəti dövlət qurumlarının və bir sıra vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu dəyirmi masada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edib.
Ombudsman Aparatının əməkdaşı tədbirdə çıxış edərək deyib ki, Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini mina və digər partlamamış hərbi sursatlarla, o cümlədən kasetli silahlarla çirkləndirməsi insanların fundamental hüquqlarının kobudcasına pozulmasına səbəb olub.
Bildirilib ki, bu məsələni daim diqqət mərkəzində saxlayan Ombudsman xanım Səbinə Əliyeva beynəlxalq və regional təşkilatlara ünvanladığı bəyanat, müraciət və hesabatlarda Ermənistanın mina terrorunu ifşa edir və minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təcili təqdim olunmasını tələb edir. Bu istiqamətdə hazırlanmış “İşğaldan azad olunmuş ərazilərdə mina problemi” adlı xüsusi hesabatda da Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri hüquqi və faktoloji əsaslarla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Vurğulanıb ki, müxtəlif səbəblərdən əlilliyi olan şəxslərin, o cümlədən mina qurbanlarının hüquqlarının təşviqi, müdafiəsi və təmini məqsədlə müstəqil monitorinq mexanizmi çərçivəsində Ombudsman təsisatı tərəfindən zəruri addımlar atılır, onların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Tədbirdə interaktiv müzakirələr aparılıb və layihə çərçivəsində Azərbaycan və ingilis dillərində hazırlanmış hesabat iştirakçılara təqdim olunub.