ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
Donald Tramp administrasiyasının Braziliyadan qəhvə idxalına tətbiq etdiyi 50 faizlik rüsum qlobal bazarı silkələyib. Bu qərar ABŞ-da qəhvənin qiymətinin maksimum həddə çatmasına gətirib çıxara bilər.
Braziliya dünyanın ən böyük qəhvə istehsalçısı və ixracatçısı, ABŞ isə onun ən böyük alıcısı və dünyada bu içkinin ən böyük istehlakçısıdır: 200 milyona yaxın amerikalı hər gün azı bir fincan qəhvə içir.
Qəhvə sənayesindəki mənbələr “Reuters” agentliyinə bildiriblər ki, yeni rüsum avqustun 1-də təsdiqlənərsə, 2024-cü ildə Cənubi Amerika ölkəsindən 8,14 milyon ədəd 60 kiloqramlıq kisə məhsul idxal edən ABŞ-a Braziliya qəhvəsinin tədarükü dayana bilər.
“Bu tarif axını praktiki olaraq dayandıracaq. Braziliyalı ixracatçılar bunun öhdəsindən gələ bilməyəcəklər. Amerikalı kofeqovuranlar da bunu edə bilməzlər”, - deyə Kaliforniyanın “MJ Nugent & Co” şirkətinin yüksək səviyyəli qəhvə brokeri və məsləhətçisi Maykl Nyucent bildirib.
“Braziliya qəhvəni başqa yerdə satacaq. ABŞ da qəhvəni başqa yerdən - Kolumbiya, Honduras, Peru, Vyetnamdan alacaq, lakin Braziliyadan aldığı həcmdə və qiymətə yox”, - deyə o, qeyd edib.