azturkxeber.az
http://azturkxeber.az

FHN Ağdamda regional seminar-müşavirə keçirib

09-07-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminar-müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov tədbirdə çıxış edərək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

Tədbirdə Tərtər, Bərdə, Laçın, Xocavənd, Beyləqan və Füzuli rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri – Fövqəladə Hallar komissiyalarının sədrləri fövqəladə hallarla mübarizə sahəsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, həyata keçirilən tədbirlər barədə bəhs ediblər.

Seminar-müşavirədə çıxış edənlər yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən danışıb, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və mülki müdafiənin hazırkı vəziyyətindən və digər məsələlərdən bəhs ediblər.

İnteraktiv müzakirələrlə davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031