azturkxeber.az
http://azturkxeber.az

Filarmoniyada Xalq artisti Fəxrəddin Kərimovun yubiley konserti olub

14-06-2025

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsert Xalq artisti Fəxrəddin Kərimovun iyunun 21-də qeyd ediləcək 70 illik yubileyinə həsr olunub.

Konsertdən əvvəl Azərbaycan Kamera Orkestrinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva, Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin adından 70 illik yubiley münasibətilə təbrik məktubu təqdim edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova çıxış ediblər. Auditoriyadakı qonaqlar arasında ölkənin mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrin səfirləri də olub.

Maestro Fəxrəddin Kərimov parlaq və rəngarəng yubiley konsert proqramı hazırlayıb.

“Maestro Kərimovun yubiley ilində yaranmış bu xoş fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bizi peşəkar həmfikirlərin səmimi dostluğuna çevrilmiş uzunmüddətli əməkdaşlıq bağlayır. Deyə bilərəm ki, maestro Kərimovun yaradıcılıq karyeramda böyük rolu olub. Onun təşəbbüsü, rəhbərliyi və son dərəcə dəqiq, yüksək peşəkarlıq işi sayəsində biz bir sıra layihələr həyata keçirdik, onların bəziləri Bakı premyerası oldu. O cümlədən çox böyük sayda birgə opera və vokal simfonik musiqisi konsertləri keçirdik. Bu yubiley konsertində qürur hissi ilə maestro Fəxrəddin Kərimovla səhnəni bölüşdüm və ona cansağlığı və uzun ömürlü yaradıcılıq arzulayıram”, - deyə Əməkdar artist Fəridə Məmmədova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Əməkdar artist İlham Nəzərov maestro Fəxrəddin Kərimovla tanışlığından danışıb: “Bizim onunla tanışlığımız 2006-cı ildə baş verib. O mənə üçüncü kursda dərs deyirdi və artıq dördüncü kurs tələbəsi kimi Motsartın “Fiqaronun evlənməsi” operasında qraf Almaviva partiyasını ifa etdim, dirijor və prodüser maestronun özü idi.

Açıq qürur hissi ilə qeyd edirəm ki, maestronu iyirmi ilə yaxındır tanıyıram və onunla müxtəlif konsert proqramlarında, tədbirlərdə çıxış etmişəm. Şadam ki, bugünkü konsert bu xoş ənənəni davam etdirdi və maestro mənə Desyatnikovun Azərbaycanda ilk dəfə səsləndirilmiş maraqlı “Qurğuşun əks-sədası” əsərini ifa etməyi etibar etdi. Bu, çox böyük şərəfdir!”.

Proqrama həmçinin maestronun həyat yoldaşı, pianoçu Yuliya Kərimova (fortepiano) və Ənvər Kərimovun (truba) solist olduğu D.Şostakoviçin Birinci Piano Konserti də daxil edilib.

“Maestro Fəxrəddin Kərimovun yubiley konsertində iştirak etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim”, - deyə Moskvadan xüsusi təyyarə ilə gəlmiş beynəlxalq müsabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Q.P.Vişnevskaya adına Opera Mərkəzinin orkestrinin solisti Ənvər Kərimov bildirib. “Doğma səhnədə gözəl musiqiçilər Yuliya Kərimova, eləcə də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artistləri ilə çıxış etmək mənim üçün böyük sevincdir. Belə bir peşəkar musiqiçi və dirijorla məşq prosesi məni çox təsirləndirdi və mənə böyük həzz verdi. Konsertin özü isə Maestronun peşəkarlığının, yüksək ustalıq səviyyəsinin əyani təsdiqi oldu, burada həm konsert iştirakçılarının özləri, həm də tamaşaçılar onun dirijorun pultu arxasında qüsursuzluğunun şahidi oldular. Bu fürsətdən istifadə edərək, öz adımdan maestroya uzun və səmərəli ömür arzulayıram”, - deyə musiqiçi əlavə edib.

Fəxrəddin Kərimov qırx ildən artıqdır ki, müxtəlif orkestrlərə və teatrlara dirijorluq edir. O, uzun və məhsuldar karyerası ərzində konsertləri ilə MDB ölkələrində və Rusiya, Gürcüstan, Polşa, Rumıniya, Almaniya, Niderland, İsveçrə, Fransa, Yunanıstan, Albaniya, Türkiyə, Küveyt, Vyetnam, Yaponiyada bir çox beynəlxalq festivallarda iştirak edib. Maestro geniş simfonik və opera repertuarına malikdir.

Musiqi sənətindəki böyük xidmətlərinə görə 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2015-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30