" Yaradıcılıq Ayı" çərçivəsində musiqi və rəsm fənlərinin inteqrasiyası ilə yaradıcı dərs
Təhsil müəssisəmizdə şagirdlərin estetik zövqünün, bədii düşüncə tərzinin və yaradıcı potensialının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə keçirilən “ Yaradıcılıq Ayı ” çərçivəsində məktəbimizin musiqi müəllimi İbrahimova Elza tərəfindən 6a sinfində xüsusi bir dərs təşkil olunmuşdur.
Dərs prosesində musiqi və rəsm fənlərinin inteqrasiyası həyata keçirilmiş, şagirdlər həm bədii, həm də musiqi bacarıqlarını yaradıcı şəkildə nümayiş etdirmişlər. Bu inteqrasiya sayəsində onlar sənətin müxtəlif sahələri arasında əlaqəni hiss etmiş, duyğularını və düşüncələrini həm rənglər, həm də səslər vasitəsilə ifadə etməyə çalışmışlar.
Dərsdə şagirdlər öz əlləri ilə çəkdikləri rəsm əsərlərini təqdim etmiş və bu əsərləri müşayiət edən musiqi ifaları ilə yanaşı, bəzi şagirdlər öz bəstələrini və ya sevdikləri musiqi parçalarını da ifa edərək tədbirə rəng qatmışlar. Bu cür fəaliyyətlər onların sərbəst düşünmə, özünüifadə və estetik zövq kimi bacarıqlarını formalaşdırmaqda mühüm rol oynayır.
Məqsəd yalnız sənət sahələrindəki biliklərin aşılanması deyil, eyni zamanda şagirdlərin fərdi istedadlarının üzə çıxarılması, onların sənətə marağının artırılması və komanda şəklində işləmə bacarığının inkişaf etdirilməsi olmuşdur.
Bu dərs bir daha sübut etdi ki, inteqrativ yanaşmalar təlim-tərbiyə prosesini daha maraqlı, təsirli və yadda qalan edir.
Mənbə, Azturkxeber.az