Naxçıvanlı alimin monoqrafiyası Türkiyədə işıq üzü görüb
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin yeni monoqrafiyası nəşr olunub. “Əski türkcədə şəxs adları (Ötükən və Turfan türklərinin antroponimləri)” (Eski türkçede şahıs adları (Ötüken ve Turfan türklerinin antroponimleri) adlı monoqrafiya Ankarada “Sonçağ” nəşriyyatında Türkiyə türkcəsində çapdan çıxıb.
Bu haqda Azturkxeber.az-a bölmənin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, əsərin elmi redaktoru professor Osman Mərt, rəyçisi isə professor Şurəddin Məmmədlidir və monoqrafiya “Giriş”, üç fəsil, “Nəticə”, “Qısaltmalar” və “Biblioqrafiya” adlı bölmələrdən ibarətdir.
Əsərin girişində antroponimlər müasir türk xalqlarının dilini, tarixini, mifoloji təfəkkürünü, etnoqrafiyasını, türk mədəniyyətinin qədim mərhələlərini öyrənmək baxımından zəngin və etibarlı mənbə kimi səciyyələndirilir. Qədim türk yazılı abidələrinin, türk dilinin onomastik vahidlərinin tədqiqi tarixindən, məsələni araşdırmış tədqiqatçılardan, nəşr edilən əsərlərdən bəhs olunur, V.Tomsen, V.Radlov, H.N.Orkun, S.Q.Klyaştornı, İ.A.Batmanov, T.T.Orhun və başqalarının bu sahədəki fəaliyyəti şərh edilir.