azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda sosial-iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

27-02-2025

Naxçıvanda sosial-iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

Bakı, 27 fevral, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3,1 faiz artıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın xərclərinin ödənilməsində yerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30 faiz, 2023-cü ildə 38 faiz, 2024-cü ildə isə 57 faiz təşkil edib.

Ümumilikdə ötən il muxtar respublikanın yerli gəlirlərinin 87,5 faizi İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmalardan formalaşıb.

Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ildə 99,1 faiz, könüllü bəyanetmə isə 99,5 faiz təşkil edib. Beləliklə, muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6 faiz artaraq 226,6 milyon manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2 faiz çoxdur.

2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71,4 faiz artaraq 21 min 778, ƏDV ödəyicilərinin sayı 87,1 faiz artaraq 709 olub.

2024-cü ildə muxtar respublikada vergi ödəyiciləri elektron qeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241 kommersiya hüquqi şəxsin 83 faizi elektron qaydada qeydiyyata alınıb. Ötən iki il ərzində Naxçıvanda 3200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66,2 faiz artaraq 1 milyard manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8 faiz artaraq 112 milyon manat olub.

2024-cü il ərzində istehlakçılara “ƏDV geri al” layihəsi çərçivəsində 1,4 milyon manat vəsait qaytarılıb ki, bu da 2023-cü ilə nisbətən 68 faiz çoxdur.

Görülən işlər nəticəsində sosial daxilolmalarda da mühüm irəliləyişlər əldə edilib. Məcburi dövlət sosial sığorta daxilolmaları 9,7 faiz artaraq 162 milyon manat, qeyri-dövlət sektoru üzrə daxilolmalar 15,8 faiz artaraq 25,4 milyon manat, işsizlikdən sığorta fonduna daxilolmalar 11,4 faiz artaraq 4,4 milyon manat, icbari tibbi sığorta daxilolmaları 18,9 faiz artaraq 28,9 milyon manat təşkil edib.

Ölkənin əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri var. Muxtar respublikada əmək bazarının ağardılması məqsədilə reallaşdırılan tədbirlər nəticəsində qeyri- dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3,6 dəfə artaraq 11 min 038 olub.

Aparılan islahatlar nəticəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi optimallaşdırılıb. Bunun nəticəsidir ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz, dövlət əmlakının icarəsindən daxilolmalar 87,6 faiz, hərraclarda kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından daxilolmalar 13 dəfə artıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən bütün növ elektron xidmətlərin muxtar respublikada tətbiqinə başlanılıb. 2024-cü il ərzində elektron xidmətlərdən daxil olmuş müraciətlərin sayı 2023-cü illə müqayisədə 4,8 dəfə artaraq 6500-ə çatıb.

Sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, biznes nümayəndələrinin idarəetmə bacarıqlarının artırılması, güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən il muxtar respublikada Sahibkarlığın İnkişafı Fondu üzrə problemli kreditlərin məbləği 3,1 dəfə azalıb.

Qeyd edilən göstəricilər ötən il ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə irəliləyişləri və davamlı inkişaf meyillərini, əlverişli biznes mühitini, vergi sisteminin effektivliyini əks etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728