azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin iclasında

16-10-2026

Oktyabrın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri iclası açaraq bildirib ki, iki gün sonra, oktyabrın 18-də xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək. 35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi.

Ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi.

Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi.

Spiker diqqətə çatdırıb ki, 2003-cü ilin 15 oktyabr günü - möhtərəm cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açdı. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən etdi.

Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaratdı.

Milli Məclisin sədri qeyd edib ki, son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb.

Spiker deyib ki, bu gün Azərbaycan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa işləri həyata keçirir.

Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü barədə danışan Milli Məclisin sədri bildirib ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir.

Spiker möhtərəm cənab Prezidentin liderliyinin və xalqımızın birlik və həmrəyliyinin dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəyinə əminliyini bildirib.

Spiker deyib ki, Müstəqilliyin Bərpası Günü ərəfəsində, sabah ölkəmizdə Füzuli şəhəri günü, bir neçə gündən sonra Zəngilan şəhəri günü, daha sonra isə Qubadlı şəhəri günü qeyd olunacaq. Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir.

Çıxışına yekun vuran spiker təklif edib ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. Spikerin bu təklifi alqışlarla qarşılanıb.

Sonra gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri iclasda 12 məsələnin müzakirə ediləcəyini söyləyib. O, gündəliyin ilk üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker birinci məsələni - “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim etmək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Komitə sədri layihənin əvvəlki oxunuşları zamanı aparılan geniş müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirib, səsləndirilən təkliflər əsasında layihədə aparılmış bəzi dəqiqləşdirmələri diqqətə çatdırıb.

Layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Məcəllədə dövlət qulluğunun təşkili və idarə olunması prinsipləri, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, dövlət qulluqçularının vəzifələri və digər məsələlər əksini tapıb.

Müzakirədə deputat Razi Nurullayevin çıxışından sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib. Dəyişikliklər barədə məlumat verən komitə sədri vurğulayıb ki, layihə pensiya təminatı sistemində fərdi uçot və sığorta prinsiplərinin daha da gücləndirilməsi, pensiyaların indeksasiyası mexanizminin təkmilləşdirilməsi və pensiya təminatında dayanıqlılığın artırılması məqsədilə hazırlanıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil etdikləri komitələrin layihəyə müsbət rəy verdiklərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi olan Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Sənəd barədə məlumat verən komitə sədri vurğulayıb ki, layihə ilə bir sıra qanunvericilik aktlarında müvafiq orqanların əməkdaşlarının əməyinin ödənilməsi, habelə onların və ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin ödənilməsi qaydaları təkmilləşdirilir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə əsasən, bu cür layihələrin bir oxunuşda qəbul edildiyini bildirib.

Gündəlikdə dördüncü məsələ - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanunla Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adları müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olaraq dəyişdirilib.

Bununla əlaqədar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda Quba rayonunun Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunub.

Layihənin müzakirəsi zamanı komitə sədri Fazil Mustafanın qaldırdığı məsələyə Siyavuş Novruzov münasibət bildirdikdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Növbəti qanun layihəsi ilə bağlı məlumatı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib. O bildirib ki, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və dövlət xidmətlərinin səmərəli təşkili, prosedur qaydalarının daha çevik tətbiqi məqsədilə mövcud hüquqi normaların təkmilləşdirilməsini nəzərdə tutur. Sənəddə “elektron xidmət” anlayışı dəqiqləşdirilir, Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tətbiq imkanları genişləndirilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi birinci oxunuşda olan qanun layihələridir və altıncı məsələ - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib.

O, dəyişikliklərin bank sektorunda hesabatlılığın artırılmasına və şəffaflığın güclənməsinə xidmət etdiyini bildirib. Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək. Nəzarət çərçivəsində maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlı risklər dövri olaraq qiymətləndiriləcək. Sənəddə bu tədbirlərin həyata keçirilmə dövriliyi və intensivliyi, onların icra qaydaları və digər məsələlər tənzimlənir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəd Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin bu şirkətə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.

Qeyd olunub ki, sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən şirkətə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və prosesin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənir.

Sənədə əsasən hər bir sekyuritizasiya prosesinin Mərkəzi Bank tərəfindən təsdiq edilmiş plan ilə müşayiət olunması nəzərdə tutulur. Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planı Mərkəzi Bank tərəfindən təsdiq edildikdən 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün Mərkəzi Banka müraciət etməlidir.

Layihədə sekyuritizasiya prosesi üzrə yarana biləcək risklərin azaldılması məqsədilə bir sıra üsullar müəyyən edilib. Habelə, aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, sözügedən qanunda nəzərdə tutulan dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır. Sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Digər dəyişikliyin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlı olduğu söylənilib.

Deputat Razi Nurullayev məsələ barədə bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən danışıb.

Qeyd edilib ki, layihə hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatlarının ictimaiyyətə açıqlanması və Təbii Resursların İdarə Edilməsi İndeksinin "yerli təsirlərin idarə edilməsi" alt-komponenti üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması məqsədilə hazırlanıb.

Sənəddə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin ətraf mühitin istehsalat monitorinqini mütləq şəkildə aparması tələbi müəyyən edilir. Bununla yanaşı, dəyişikliklərə əsasən, istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidirlər.

Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən deputatlar Nigar Məmmədova və Asif Əsgərov öz fikirlərini nəzərə çatdırıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (birinci oxunuş) bəhs edib.

Bildirilib ki, layihənin hazırlanmasının əsas məqsədi Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır.

Belə ki, Əmək Məcəlləsinin 2-ci əlavəsinə nəzərdə tutulan dəyişiklikdə küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.

Təqdim olunan sənəd işin dayandırılması hallarının azaldılmasına, əmək məhsuldarlığının artırılmasına, layihələrin vaxtında tamamlanmasının təmin edilməsinə və iş prosesinin daha səmərəli təşkilinə xidmət edəcək.

Məsələ ilə bağlı deputatlar Razi Nurullayev və Pərvanə Vəliyevanın fikirləri dinlənildikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin spikeri gündəliyin son iki məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı diqqətə çatdırıb.

O deyib ki, sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, habelə sadalanan subyektlərin təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslər dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri malların, işlərin və xidmətlərin satın alınması xüsusi tənzimləmə dairəsinə daxil edilir.

Təklif edilən dəyişikliklərlə adıçəkilən subyektlər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsası müəyyənləşdirilir. Həmin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsinin informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi təmin olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, məsələyə dair hər hansı rəy və təklifin verilmədiyini nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri imkanların yaradılması nəzərdə tutulur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031