Ombudsmanın nümayəndəsi Estoniyada keçirilmiş seminarda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin əməkdaşı Vəli Quliyev Estoniya Respublikasının Məlumatların Qorunması İnspektorluğu tərəfindən Tallin şəhərində təşkil olunan “İnformasiya azadlığı üzrə müraciətlərə baxılması” adlı seminarda iştirak edib.
Azturkxeber.az-ın məlumatına görə, “Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun müdafiəsində rolu” mövzusunda təqdimatla çıxışı zamanı V.Quliyev Müvəkkilin informasiya əldə etmək hüququnun təmini istiqamətində həyata keçirdiyi fəaliyyəti, informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyaları, həmçinin qanunvericiliyin tələblərinin pozulduğu təqdirdə protokol tərtib etmək səlahiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Seminarda ictimai informasiyadan təkrar istifadənin hüquqi əsasları və praktiki tətbiqi, metaməlumatlar və onlara çıxış hüquqlarının təmin edilməsi, bu sahədə şikayətlərə baxılması və həlli mexanizmləri barədə digər dövlətlərin müsbət təcrübələri ilə bağlı təqdimatlar dinlənilib, konkret işlər üzrə praktiki təcrübələr və tətbiq olunan yanaşmalar müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: