Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciəti



Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha diqqətə çatdırır.
Azturkxeber.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, bəzi sürücülər yol-nəqliyyat hadisələrini qaydaları bilmədikləri üçün deyil, mövcud qaydalara əməl etmədikləri üçün törədirlər.
Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının böyük bir hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə, sükan arxasında mobil telefondan istifadə halları daha çox müşahidə olunur ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Sürücü diqqətsizliyi səbəbindən baş verən qəzalar əsasən aşağıdakı hallarda daha çox qeydə alınır: hərəkət zamanı diqqətin yoldan yayındırılması, svetoforun qırmızı işığında nəqliyyat vasitəsinin dayandırılması zamanı gec reaksiya verilməsi, yolun qarşısında nəqliyyat sıxlığı yarandıqda və ya texniki nasazlıq səbəbindən avtomobilin yolda qalması kimi vəziyyətlərdə.
Bu hallarda diqqətsiz sürücü vaxtında sürəti azaltmadığı və vəziyyətə uyğun reaksiya vermədiyi üçün yol-nəqliyyat hadisəsi baş verir. Belə qəzalar həm ölüm və xəsarətlə, həm də ən yaxşı halda maddi zərərlə nəticələnir və yol hərəkətinin digər iştirakçılarına da mənfi təsir göstərir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün sürücülərdən yol hərəkəti zamanı diqqətli olmalarını, qaydalara ciddi riayət etmələrini və məsuliyyətli davranmalarını xahiş edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: