Zəfərin 5 illiyinə həsr olunmuş “Ən böyük hədiyyə” layihəsi təqdim edilib
“PASHA Malls” və “PASHA Real Estate Group” bu il Zəfər Gününü “YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi sosial layihə – “Ən böyük hədiyyə” ilə qeyd edir. Layihə çərçivəsində “Zəfər Köşkü” təşkil olunub. Noyabrın 6-dan etibarən “Crescent Mall”, “Gənclik Mall” və “Gəncə Mall”da fəaliyyət göstərən bu xüsusi guşədə Zəfərimizin rəmzlərinə həsr olunmuş məhsullar artıq satışa çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, satışdan əldə olunan bütün gəlirlər isə “YAŞAT” Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.
“Bu təşəbbüs “Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir” mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir”, - deyə məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



