Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində çıxışı – Azərbaycan elminin inkişafına yönəlmiş strateji yol xəritəsi

AMEA-nin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident cənab İlham Əliyevin iştirakı və çıxışı dövlətimizin elm və təhsil sahəsinə göstərdiyi dəyərin nümunəsidir. Prezidentimiz çıxışında Akademiyanın 80 illik fəaliyyətinə və onun Azərbaycan elminə verdiyi böyük töhfələrə toxundu və ümumilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan alimlərinə böyük dəstək göstərdiyini, eləcə də ölkəmizdə elmin inkişafına diqqət və qayğı ilə yanaşdığını vurğuladı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə, 70-ci illərdə Akademiyanın fəaliyyəti təkmilləşdirildi, elmi-tədqiqat institutları yaradıldı və elmin inkişafına böyük vəsait ayrldı. Məhz ulu öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc Sovet İttifaqının ən nüfuzlu Ali təhsil müəssisələrində təhsil almağa göndərildi. Müstəqil Azərbaycana rəhbərlik dövründə də ümummilli Lider Heydər Əliyev Azərbaycan elminə və alimlərinə öz dəstəyini davam etdirdi. Bütün sahələrdə Heydər Əliyev siyasətini, irsini davam etdirən Prezident cənab İlham Əliyev elm təhsil sahəsində də ulu öndərimizin ideyalarını davam və inkişaf etdirir. Prezidentimiz tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarına uyğun olaraq minlərlə gəncimiz dünyanın ən böyük və nüfuzlu universitetlərinə təhsil almağa göndərilir. Vətənə dönən gənclərimiz bütün sahələrdə çalışaraq ölkəmizin rifahına, güclənməsinə xidmət göstərirlər. Müstəqilliyimizin ilk illərində ölkəmizdə çox ağır siyasi, iqtisadi vəziyyət hökm sürürdü. Hakimiyyəti qeyri qanuni yolla ələ keçirən AXC-Müsavat cütlüyü başqa sahələrdə olduğu kimi elmi də uçuruma aparmışdır. Azərbaycanı bütün bəlalardan xilas edən Heydər Əliyev Azərbaycan elmini də dirçəltdi. Milyonlarla qaçqın və məcburi köçkünlərimizin olmasına, torpaqlarımızın işğal altına düşməsinə, eləcə də iqtisadi çətinliklərimizə baxmayaraq Heydər Əliyev Azərbaycan elminə, həmçinin akademiyanın inkişaf etdirilməsinə vəsait ayırırdı. Bu Azərbaycan elminin gələcək inkişafına hesablanmış addım idi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti getdikcə istər siyasi, istərsə də iqtisadi cəhətdən gücləndi. İqtisadi gücümüz artdıqca dövlətimiz tərəfindən elmin inkişafına da böyük vəsaitlər ayrıldı. Son 10 ildə Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmiş, binalar əsaslı təmir edilmişdir. Alimlərimizin səmərəli fəaliyyət göstərmələri üçün böyük imkanlar yaradılmışdır. 2009-cı ildə yaradılmış Elm Fondu Azərbaycan alimlərinə maddi dəstək verməklə yanaşı elmin inkişafına təkan verməkdədir. Elmin inkişafı üzrə Milli Strategiya və "Elm haqqında" Qanun, Dövlət Proqramlarının qəbul edilməsi dövlətimizin elmə və təhsilə verdiyi yüksək qiymətin nümunəsidir. Prezident cənab İlham Əliyev çıxışında son 10 ildə Azərbaycanda, eləcə də dünyada baş verən hadisələrə də münasibət bildirdi. Son dövrlər istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada gərgin vəziyyət hökm sürür. Dünyanın bir sıra regionlarında müharibələr aparılır, ölkələr iqtisadi cəhətdən ağır durumla qarşılaşırlar. Bütün bu situasiyalara baxmayaraq Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən böyük uğurlar qazanmışdır. Azərbaycan 30 il işğal altında olan torpaqlarını işğaldan azad etdi, suverenliyimiz tam bərpa olundu. Son 10 il Azərbaycan üçün inkişaf və qələbələrlə zəngin illər olmuşdur. Bütün bölgələrimizlə yanaşı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da sürətlə inkişaf edir.
Artıq dünyada yeni texnologiyalar yaradılır. Hər bir ölkə yeni yaradılmış texnologiyalar sayəsində dövlətlərini gücləndirməyə çalışır. Bu baxımdan Azərbaycan dövləti də texnologiya sahəsində əhəmiyyətli işlər həyata keçirmək üçün səylərini artırır. Şübhəsiz ki, bu məsələdə Azərbaycan alimlərinin üzərinə böyük məsuliyyət düşür. Dünyada gedən texniki tərəqqiyə uyğun tədqiqatlar aparmalı və ölkəmizin inkişafına töhfələr verilməlidir.
Ölkə başçımız çıxışında Azərbaycanda hərbi sənayenin sürətli inkişafına da böyük diqqət ayrıldığını vurğuladı. Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzu təmin etməklə yanaşı xarici dövlətlərə də ixrac olunur. Ölkə başçımızın təşəbbüsü ilə hərbi sənayenin inkişafına özəl şirkətlərin də cəlb olunması prosesi başlanmışdır və bir sıra özəl şirkətlərdə hərbi təyinatlı məhsullar istehsal olunur. Bu sahənin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən özəl şirkətlərə bütün imkanlar yaradılmışdır. Bu şirkətlər Azərbaycan Ordusunu müasir silahlarla təmin etməklə yanaşı xarici dövlətlərə də hərbi təyinatlı silahlar ixrac edəcək. Bu dünya praktikasında uğurla həyata keçirilən bir layihədir.
Prezident cənab İlham Əliyev çıxışında azərbaycanlıların indiki Ermənistan ərazisi olan doğma torpaqlarından qovulmasına da öz münasibətini bildirdi. Bütün tarixi sənədlər və xəritələr də sübut edir ki, azərbaycanlılar indiki Ermənistan olan torpaqların qədim sakinləri olublar. Azərbaycanlılar harda yaşamalarından asılı olmayaraq daima həmin ölkələrin inkişafına böyük töhfə veriblər və xalqımız heç vaxt separatizm hərəkətlərinə yol verməyib. Ermənistan ərazisindən qovulan soydaşlarımızın hüquqi var ki, öz doğma torpaqlarına dönsünlər. Düşünürəm ki Ermənistan rəhbərliyi bu məsələdə konstruktiv mövqe nümayiş etdirəcək. Alimlərimiz Ermənistan ərazisindəki toponimlərin azərbaycanlılara məxsus olması barədə çoxsaylı elmi məqalələr hazırlayıblar. Ölkə başçımız alimlərimizə bu barədə yeni elmi araşdırmaların aparılmasının vacib olduğunu çatdırdı.
Prezidentimiz Azərbaycan dilinin qorunması istiqamətində də alimlərimizin qarşısına böyük vəzifələr qoydu. Ana dilimiz olan Azərbaycan dili çox zəngindir və dilimizi qorumaq hər birimizin borcudur. Xarici dillərin Azərbaycan dilinə inteqrasiyasına icazə verməməliyik. Şübhəsiz bu işdə də alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Dilimiz yad sözlərdən xilas olmalı, işlədilən xarici sözlərin əvəzlənməsi ən ümdə məsələlərdəndir. Ölkə başçımızın verdiyi tapşırıqlar əcdadlarımızdan bizə miras qalmış dilimizin qorunmasına xidmət edir.
Prezident cənab İlham Əliyevin Akademiyada çıxışını elmimizin, təhsilimizin inkişafına xidmət edən bir yol xəritəsi kimi qiymətləndirməliyik.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: