Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib



5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutan yubiley mərasiminin məntiqi davamıdır. Professor Kərim Tahirov Azərbaycan Milli Elmlər Akademiyası ilə Milli Kitabxana arasında çox sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu söyləyib. Milli Kitabxanada AMEA-nın yubileyi ilə əlaqədar bir sıra tədbirlər və kitab təqdimatları keçirildiyini və bugünkü tədbir həmin silsilənin yekunu olduğunu söyləyib. Əlavə edib ki, son illərdə Milli Kitabxananın fonduna daxil olan kitabların 30 faizi AMEA tərəfindən nəşr olunan çoxsaylı elmi əsərlərdir. Bu nəşrlərdən kitabxananın oxucuları daim bəhrələnirlər. Kərim Tahirov Milli Kitabxananın hər il bir sıra biblioqrafiyalar çap etdiyini və bu biblioqrafiyaların Azərbaycan elminin inkişafında, AMEA alimlərinin tədqiqat fəaliyyətində mühüm rol oynadığını söyləyib. Daha sonra direktor yubiley münasibətilə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 1378-ci ildə köçürülmüş “Xəmsə”-nin Türkiyənin Topqapı Sarayı Muzeyində saxlanılan nadir nüsxəsinin surətini AMEA-ya hədiyyə edib. AMEA-nın 80 illik yubileyi münasibətilə təbriklərini bildirib, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında yüksək səviyyədə təşkil olunan kitab sərgisinə görə AMEA-nın oxucuları və kollektivi adından Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində iştirakı və çıxışı Azərbaycan elminin, milli ziyalıların və ictimai fikrin qarşısına çox böyük vəzifələr qoyur. Prezidentin çıxışında XXI əsrin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizlik kimi aktual məsələlərlə bağlı irəli sürdüyü fikirlər alimlərimizin və yeni nəslin diqqət mərkəzində olmalı, bu sahələr müstəqil Azərbaycanın inkişafını təmin edən əsas istiqamətlərə çevrilməlidir. Akademik Azərbaycan Milli Kitabxanasını ölkəmizdə “ikinci Akademiya” adlandırıb. Azərbaycan Milli Kitabxanasının biblioqrafiyaşünaslıq elminin mərkəzi olduğunu və ən qiymətli elmi əsərlərin, nadir kitabların qorunub saxlandığını söyləyib. AMEA ilə Milli Kitabxana arasında çoxillik və davamlı əməkdaşlığın mövcud olduğunu, təşkil olunan sərginin bu əlaqələrin bariz göstəricisi olduğunu qeyd edərək bildirib ki, AMEA-nın yubileyi yalnız alimlərin deyil, həm də xalqın, kitabxanaçıların və yeni nəslin – oxucuların bayramıdır.
Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək, Akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı Elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.
Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: