Türkiyənin Bakıdakı Səfirliyindən Saxta Xəbərlər açıqlaması
Türkiyənin Bakıdakı Səfirliyi, son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “saxta xəbərlər” iddialarına dair açıqlama verib.
TC Bakı Səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, Gəncliyə Yardım Fondunun təşkil etdiyi görüşdə çıxışı zamanı bildirib ki, Türkiyə-Azərbaycan Media Platformasının gücləndirilməsi və proseslərdə daha fəal rol oynaması üçün çalışırlar.
“Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Bu qüvvələrə qarşı qarşılıqlı məsləhətləşmələr aparılmalıdır. Daha da bir-birimizə sıx bağlanmalıyıq. Arada boşluq buraxmayacağıq ki, fitnəyə yol verilməsin. Münasibətləri zədələmək istəyənlərin oyunlarına aldananlar da var. Lakin buna qarşı daha sıx birləşməliyik,” – deyə o bildirib.
Məlum olduğu kimi, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayında artım müşahidə olunur.