azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin payız sessiyasının 2025-ci il 30 sentyabr tarixli plenar iclasında Anım Günü barədə çıxışı

30-09-2025

Hörmətli həmkarlar!

Beş il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq tariximizə yeni şanlı səhifələr yazmışdır. 8 noyabr Zəfəri sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü bərpa olunmuşdur.

2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir.

Hörmətli deputatlar!

Əldə edilən tarixi qələbələr bir daha göstərmişdir ki, milli maraqlar təkcə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə deyil, həm də xalqın şərəfi, ləyaqəti və tarixi yaddaşı ilə bağlı olan bir anlayışdır.

Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır. (Alqışlar.)

Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman unudulmayacaq.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq beş ildir ki, ölkəmizdə “Anım Günü” qeyd edilir.

Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm Prezident Gəncə Memorial Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmişdir.

Həmin gün Bakıda dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri Zəfər Parkında olmuşlar. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirilmişdir. Bütün xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın xatirəsinə ehtiramını bildirmişdir.

Hörmətli həmkarlar!

Anım Günü xalqımızı Ulu Öndər Heydər Əliyevin elan etdiyi Azərbaycançılıq amalı uğrunda daha sıx birləşdirir. Minlərcə qəhrəman övladımızın həyatı bahasına başa gəlmiş qələbələr Azərbaycan xalqı üçün mənəvi güc mənbəyidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930