BİTKİLƏR DƏ BÖYÜK QAYIDIŞ KARVANINDA OLMALIDIR
Sadıq Qarayev
Təkcə insanlar deyil, bitkilər də Böyük Qayıdış proqramında olmalıdır.
Bütün şəhər və qəsəbələrin işğaldan əvvəlki mədəni florasında yer alan ağac və kol növləri yenidən əkilməlidir.
Xankəndindən gələrkən Xocalıda, Ağdamda yolların kənarında, kənd yerlərində yalnız yovşanların qaldığını gördüm.
Füzulinin Alxanlı kəndini keçəndə elə bil cənnətdən cəhənnəmə düşürsən – boz səhralıq. Ağac və kol yoxdur.
Bəlkə o gecə Xocalı camaatı kimi bitkilər də məhv edildi – yollarda dondu, kökləri qazıldı, budaqları kəsildi, yarpaqları soldu, fidanları əzildi, qalanları isə insanlarla birgə qaçıb canını güclə qurtardı.
Qubadlının Mollu kəndində xarabalıq qalmış evlərin içindən nəhəng aylantlar çıxmışdı.
Bilmədim onlara acığım tutsun ki, erməni kimi evlərimizə soxulublar, ya da təşəkkür edim ki, heç olmasa ocaqlarımızı boş qoymayıblar.
Aylant invaziv — yəni sürətlə yayılan, digər növlərin yerini tutub onları sıxışdıran bitki növüdür.
Əvvəllər mövcud olmuş ağac və kol növləri insanlarımızla birgə geri qayıtmalıdır.
Əks halda, təbiət bizə dostunu atıb gedən fərari kimi baxar...
Şuşadakı bu qarağac isə 30 ildən çoxdur bizi kişi kimi dayanıb gözləyib.