"Ekologiya və ətraf mühitin mühafizəsi" maarifləndirici broşüru
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirir. Bu fəaliyyət çərçivəsində məlumat kitabçası-maarifləndirici broşürlər də nəşr olunub və müvafiq qaydada yayımı təşkil edilib.
Broşürun əsas məqsədi Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın işğal altında saxladığı ərazilərdə törətdiyi ekoloji terror və ekosidi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Nəşrdə təbii resursların təsnifatı, ətraf mühitin çirklənməsi, ekoloji təhlükəsizlik və monitorinq məsələlərinə toxunulur. Broşürun əsas hissələrindən biri məhz işğal dövründə Azərbaycanın flora və faunasına, su ehtiyatlarına və meşələrinə vurulan zərərə, mina təhlükəsi meşələrin bərpasını ləngitməsinə həsr olunub. Nəşr işğaldan azad olunmuş ərazilərdəki ekoloji problemlər barədə məlumatlılığın artırılması üçün geniş təbliğat materialı kimi istifadə edilə bilər.