azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın Ombudsman təsisatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tam üzvü seçilib

20-09-2025


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) Rumıniyanın Buxarest şəhərində keçirilən 29-cu İllik Konfransı və Baş Assambleyasında iştirak edib.

“Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi” mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv təsisatların ombudsmanları və nümayəndələri, müvafiq qurum rəhbərləri, beynəlxalq təşkilatların uşaq hüquqları üzrə məsul şəxsləri, ekspertlər iştirak ediblər.

Nigar Ağayeva tədbirdə çıxış edərək Ombudsman tərəfindən ötən dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, bu sahədə müsbət təcrübələri, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən və nəzərə alınmış təklifləri iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, təsisatda uşaq hüquqları üzrə ixtisaslaşmış struktur bölmənin yaradılması, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmana verilən səlahiyyətlər, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq qrupunun yaradılması qeyd edilib.

Qeyd olunan islahatlar nəzərə alınaraq, ENOC-un 29-cu Baş Assambleyasında Azərbaycanın Ombudsman təsisatı üzv təsisatların səs çoxluğu ilə assosiativ üzvlükdən tam üzvlüyə qəbul edilib. Belə ki, göstərilən dəyişikliklər nəticəsində hazırda Ombudsman təsisatının ENOC-un tam üzvlüyünə qəbul olunması üçün ENOC-un Nizamnaməsinin 4-cü maddəsində əks olunmuş meyarlara uyğunluğu bildirilib.

Tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin ötən dövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb, “Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi” üzrə ENOC-un bəyanatı təsdiq edilib.

Səfər çərçivəsində iştirakçılar Buxarest şəhərində yerləşən zorakılıq qurbanları olan uşaqlar üçün “Barnahus” mərkəzinə səfər edərək, mərkəzin fəaliyyəti və təcrübəsi ilə tanış olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930