Sümük iliyi donorluğu həqiqətən də təhlükəsizdir? - Səhiyyə Nazirliyi mütəxəssisindən cavab
Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər. Amma bu proses haqqında nə qədər məlumatlıyıq?
Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva ilə bu mövzunu dərindən araşdırdıq.
- Nərgiz xanım, ilk öncə bilmək istərdik ki, sümük iliyi donoru olmaq nə deməkdir?
- Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi vermək deməkdir.
Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır. Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyata keçirilir.
- Doktor, sümük iliyi kimlərə lazımdır?
- Sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır. Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qan xəstəliklərini misal göstərmək olar.
Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan zədələnməsi ilə bağlıdır.
Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimi xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir.
Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat qurtaran müalicə üsulu rolunu oynayır.