"15 Sentyabr – Bilik Günü və Təhsil Hüququnun Əhəmiyyəti"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanına əsasən, 15 sentyabr ölkədə “Bilik günü” elan edilmiş və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilmişdir.
Təhsil hüququ beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental hüquqlardan biridir. Dövlətlər beynəlxalq konvensiyalara qoşulmaqla hər bir vətəndaşın təhsil almaq, dövlət tərəfindən pulsuz icbari ümumi orta təhsil almaq hüququnun təmin edilməsi, keyfiyyətli təhsil almaq üçün bərabər imkanların yaradılması kimi öhdəlikləri üzərlərinə götürmüşlər.
Azərbaycanda təhsil hüququnun həyata keçirilməsi, keyfiyyətli təhsilin təmini sahəsində müntəzəm olaraq mühüm addımlar atılır, qanunvericilik bazası təkmilləşdirilir, müvafiq dövlət proqramları qəbul olunur, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir, nailiyyətlər əldə edilir.
Təhsilin insanların şəxsiyyətinin formalaşması və hərtərəfli inkişafında, layiqli vətəndaş kimi yetişməsində, hüquq və azadlıqlara hörmət bəslənilən, sağlam cəmiyyətdə yaşamasında mühüm rolunu nəzərə alaraq, vətəndaşların təhsil hüqununun təmin edilməsi istiqamətində səylərin göstərilməsi çox önəmlidir.
Bu baxımdan, bir daha təhsil hüqununun əhəmiyyətini vurğulayaraq, hər kəsi “Bilik günü” münasibətilə səmimi qəlbdən təbrik edir, yeni tədris ilində müvəffəqiyyətlər arzu edirik.