ABŞ-nın energetika naziri Kris Rayt süni intellektin köməyi ilə nüvə birləşmə reaksiyalarından ayrılan enerjinin 5 il ərzində istifadəyə yararlı olacağını və bu enerjinin 8-15 il ərzində qlobal elektrik şəbəkələrinə inteqrasiya olunacağını bildirib. BBC-yə müsahibəsində nazir "ABŞ-da milli laboratoriyalarda və özəl şirkətlərdə aparılan süni intellekt və tədqiqatlar sayəsində biz gələcək beş il ərzində füzyon enerjisindən istifadə etmək üçün bir çox üsul inkişaf etdirəcəyik"-deyə açıqlama verib. Nüvə birləşmə texnologiyasının 8-15 il ərzində qlobal elektrik şəbəkələrini gücləndirəcəyinə diqqət çəkən Kris Rayt bunun istixana qazı emissiyalarının azaldılmasında əsas rol oynayacağını vurğulayıb.
İqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqların real olmadığını deyən nazir Enerji Departamentinin iyul ayında dərc etdiyi "iqlim dəyişikliyinin təsirlərinin şişirdilmiş" hesabatını dəstəklədiyini bildirib.
Hesabatda dəniz səviyyəsinin qalxmasının sürətlənmədiyi, iqlim modellərinin gələcək temperatur artımlarını şişirtdiyi və iqlim dəyişikliyinin bitki böyüməsini stimullaşdırmaq kimi faydalı cəhətlərinə məhəl qoyulmadığı bildirilib. Nüvə sintezi iki yüngül atom nüvəsinin birləşərək daha ağır bir nüvə meydana gətirdiyi və böyük miqdarda enerji buraxdığı bir prosesdir. Günəşə və ulduzlara güc verən bu proses, təhlükəsiz və səmərəli istifadə edildikdə, demək olar ki, sərhədsiz, təmiz və aşağı karbonlu enerji mənbəyi olmaq potensialına malikdir.
Əksər elm adamları hesab edirlər ki, qlobal miqyasda füzyon elektrik stansiyalarının reallaşdırılması uzun illər çəkəcək, çünki reaksiya atomları günəşinkindən qat-qat yüksək temperatura yüksəltməyi və son dərəcə mürəkkəb texnologiyaların işlənməsini tələb edir.